Misir-Azərbaycan Dostluq Cəmiyyəti iftar süfrəsi açıb
Bakı, 2 aprel, AZƏRTAC
Misirdəki Azərbaycan icması iftar süfrəsində bir araya gəlib.
AZƏRTAC xəbər verir ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin onların ailə üzvləri, Cəmiyyətin təsisçiləri, səfirliyin əməkdaşları müqəddəs Ramazan ayında iftar süfrəsi arxasına toplaşıblar.
Tədbir iştirakçılarını salamlayan Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov son illərdə ölkələrimiz arasında əlaqələrin sürətli inkişafından, Azərbaycan diasporunun, eyni zamanda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən bəhs edib.
Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov çıxış edərək bildirib ki, sovet repressiyalarına baxmayaraq, Ramazan adət-ənənələri xalqımız tərəfindən qorunub saxlanılıb. Müstəqil Azərbaycan bütün dünyada multikulturalizm və tolerantlıq modeli kimi tanınır, ölkəmizdə yaşayan bütün xalqlar və dini konfessiyaların nümayəndələrinə hörmətlə yanaşılır. Ulu Öndər Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmiz dini və etnik əmin-amanlıq məkanına çevrilib.
Səfir diasporumuzun keçirdiyi tədbirlərdə Azərbaycan icması ilə birlikdə ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyətin nümayəndələrinin iştirak etməsini təqdirəlayiq hal kimi dəyərləndirib. O, Azərbaycanın dostlarının Misirdə ölkəmizin təbliğ edilməsində böyük rol oynadığını da bildirib.
Tədbirdə çıxış edən qonaqlar Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar Azərbaycan diasporunun iki xalq arasında münasibətlərin inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırıblar.
Qeyd edək ki, hazırda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dili ilə yanaşı, müxtəlif fənlər üzrə 57 ölkədən 600-dən çox gənc ödənişsiz təhsil alır.