Misir mətbuatı Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı yazmaqda davam edir
Əmman, 4 noyabr (AZƏRTAC). Misirin populyar “Almesryoon” internet qəzetində jurnalist Əhməd Əbdu Tarabekin oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri və ötən on ildə ölkədə aparılmış köklü islahatlarla bağlı məqaləsi yerləşdirilmişdir.
Azərbaycanın Misirdəki səfirliyindən AZƏRTAC-a bildirilmişdir ki, hər bir cəmiyyətin inkişafı üçün ictimai-siyasi sabitliyin əsas şərt olduğunu yazan müəllif bütün ölkələrdə seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsinin vacibliyini vurğulayır.
Azərbaycanda da seçkilərin azad və şəffaf şəraitdə keçdiyini yazan Ə.Tarabek diqqətə çatdırır ki, İlham Əliyevin yenidən Prezident seçilməsi xalqın dövlət başçısına olan etimadının bariz göstəricisidir. Bu, həm də Prezidentin cəmiyyətin bütün sahələrində inkişafı sürətləndirən, ölkənin iqtisadi qüdrətini artıran, insanların rifahını yaxşılaşdıran siyasətinə Azərbaycan xalqının verdiyi qiymətdir.
Müəllif Azərbaycandakı ictimai-siyasi sabitlikdən, ölkənin dinamik inkişafından, köklü islahatların aparılmasından ətraflı bəhs edərək yazır: “İqtisadi sahədə əldə etdiyi nailiyyətlərin nəticəsidir ki, bu ölkənin xaricdən heç bir asılılığı yoxdur”.
Ə.Tarabek vurğulayır ki, neft-qaz ölkəsi kimi tanınan Azərbaycanda həm də qeyri-neft sektoru inkişaf edir. Ölkənin xarici valyuta ehtiyatları 48 milyard manatı keçmiş, bununla da iqtisadiyyatın neft-qaz sektorundan asılılığının da qarşısı alınmışdır. Ötən 10 ildə Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişafına yönəlmiş islahatların nəticəsində qeyri-neft sektorunda 2,7 dəfə real artım müşahidə edilmişdir. 2003-2012-ci illərdə Azərbaycanda qeyri-neft sektorunda artım dünyada ən yüksək göstəricilərdən birini təşkil etmişdir. Bundan əlavə, son 10 ildə Azərbaycanda yaradılmış 1 milyon 200 mindən artıq yeni iş yerinin 90 faizdən çoxu qeyri-neft sektorunun payına düşür.
Məqalədə Ə.Tarabek ötən 10 ildə Azərbaycanın turizm sektorunun inkişafına yönəlmiş dövlət proqramları, bu sahəyə yatırılan investisiyalar haqqında ətraflı məlumat verir, 2012-ci ildə ölkəyə gələn əcnəbilərin sayının iki milyondan çox olduğunu vurğulayır.
Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyini yazan müəllif elmin, təhsilin, səhiyyənin inkişafına ayrılan vəsaitin ildən-ilə artığını diqqətə çatdırır.
Asya Hacızadə
AZƏRTAC-in xüsusi müxbir
Əmman