Misirdə 20 Yanvar faciəsinin ağır nəticələrindən söhbət açılıb
Qahirə, 19 yanvar, AZƏRTAC
Qanlı Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi anım mərasimi təşkil edib.
Mərasimdə Misirin siyasi-ictimai xadimləri, Qahirə, Ayn Şəms və Əl-Əzhər universitetlərinin tələbələri, Azərbaycan diasporunun nümayəndələri və tələbələr iştirak ediblər.
Səfirliyin müvəqqəti işlər vəkili Rafael Bağırov 1990-cı il 20 yanvar hadisələri barədə məlumat verərək, həmin tarixin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd edib. O, sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etdiyini vurğulayıb və 20 Yanvar əməliyyatı nəticəsində 147 insanın qətlə yetirildiyini, yüzlərlə şəxsin yaralandığını diqqətə çatdırıb.
Təbdir zamanı Qanlı Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş etdirilib, Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 1980-ci illərin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və 20 Yanvar faciəsinə aparan yol haqqında bəhs edilib. Qanlı Yanvar hadisələrində sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılığın kütləvi cəzalandırma kimi qiymətləndirildiyi qeyd edilib.
Tədbirdə misirli tədqiqatçı və jurnalist, “Qarabağ Qafqazda sülhün yoludur” adlı kitabın müəllifi Əhməd Tarabek və digər jurnalist, “Əl-Masriyyə” qəzetinin redaktoru Əbu Bəkr Əbu Məcd çıxış edərək 20 Yanvar haqqında fikirlərini paylaşıblar. Onlar Misir ictimaiyyətinin Qanlı Yanvar hadisələrinə həssaslıqla yanaşdığını və hadisənin təsəvvür ediləndən daha dəhşətli olduğunu diqqətə çatdırıblar.
Mərasim zamanı səfirlikdə 20 Yanvarla bağlı kitablar və fotolar nümayiş etdirilib. Tədbirlə bağlı məlumatlar Misirin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə