Misirdə arxeoloji artifaktların surətini istehsal edən fabrik işə başlayıb
Qahirə, 2 aprel, AZƏRTAC
Qahirənin şərqində yerləşən Ubur qəsəbəsində Misir və Yaxın Şərqdə məşhur arxeoloji artifaktların surətini istehsal edən fabrik istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, fabrikin açılışında iştirak edən Misirin turizm və qədim əşyalar naziri Xalid Ənani bu fabrikdə istehsal ediləcək hər bir artifaktın leqal surətinin xüsusi möhür daşıyacağını bildirib. Yaxın Şərq ölkələrinin də arxeoloji abidələrinin dublikatlarını istehsal edəcək bu müəssisənin məhsulları həm ölkə daxilində satışa çıxarılacaq, həm də xarici bazara göndəriləcək. Yüksək texnologiya və avadanlıqlarla təchiz edilmiş fabrikdə 150 rəssam və restavrasiya mütəxəssisi çalışır. Mütəxəssis qrupu mərmərin və daşın üzərində naxış salan robotlar, 2D və 3D formatında rəsm çəkən aparatlarla işləyir.
Turizm naziri qeyd edib ki, əsas məqsəd Misirə gələn turistlərə artifaktların daha keyfiyyətli dublikatlarını təqdim etməkdir. Onun sözlərinə görə, hazırda turizm məkanlarında satılan ehramların, fironların və sfinks heykəllərinin surətləri orijinala o qədər də yaxın deyil. Fabrikdə istehsal ediləcək məhsullar isə suvenir biznesinə yeni töhfədir. Onların hər birinin üzərində artifakt haqqında ingilis və ərəb dillərində məlumat, habelə barkod olacaq. Bahalı artifakt dublikatlarının alıcılarına nazirliyin sertifikatı da təqdim ediləcək.
Misirli nazir əlavə edib ki, fabrik məhsullarının ilk satışı aprelin 4-də - Qahirədə Misir Sivilizasiyası Milli Muzeyinin rəsmi açılışı zamanı həyata keçiriləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə