MİSİRDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLƏCƏKDİR
Ölkələrimiz arasında əlaqələrin tarixində ilk dəfə keçirilən bu tədbirdə Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlunun başçılığı ilə 70 nəfərdən ibarət nümayəndə heyəti iştirak edəcəkdir. Azərbaycan Dövlət rəqs ansamblı, Qara Qarayev adına Dövlət kamera orkestri, vokalçılar, muğam ustaları mədəniyyət günləri çərçivəsində Qahirə və İsgəndəriyyə şəhərlərində konsertlər verəcək, modelyer Fəxriyyə Xələfovanın zəngin geyim kolleksiyasından, Azərbaycan rəssamlarının əsərləri, qədim xalçalar və xalçaçılıq sənətimizin nümunələri, xalqımızın qədim musiqi alətləri, bədii mis əşyaları və milli geyimlərimizdən ibarət müxtəlif sərgilər keçiriləcəkdir.
Təntənəli rəsmi açılış mərasimi ölkələrimizin mədəniyyət nazirləri Polad Bülbüloğlu və Fəruq Hüsninin iştirakı ilə noyabrın 11-də Qahirə Opera Teatrının böyük zalında olacaqdır. Noyabrın 12-də isə Azərbaycan mədəniyyət günləri İsgəndəriyyə şəhərində məşhur “Seyid Dərviş” Opera Teatrında davam edəcəkdir.
Səfər zamanı mədəniyyət naziri P.Bülbüloğlunun misirli həmkarı F.Hüsni və bir sıra digər rəsmi şəxslər ilə görüşləri olacaqdır. Nazirlərin görüşündə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi arasında dövlətlərarası Saziş imzalanacaqdır.