Misirin “Almesryoon” internet qəzetində Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri və 18 oktyabr - Dövlət Müstəqilliyi Günü ilə bağlı məqalə dərc edilmişdir
Bakı, 22 oktyabr (AZƏRTAC). Misirin məşhur “Almesryoon” internet qəzetində jurnalist Əhməd Əbdu Tarabekin Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri və 18 oktyabr - Dövlət Müstəqilliyi Günü ilə bağlı məqaləsi dərc edilmişdir.
Azərbaycanın Misirdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Ə.Tarabek məqalədə hər bir xalqın iftixarla xatırladığı dövlət müstəqilliyinin əhəmiyyətindən bəhs edir. O, Sovet İttifaqının dağılmasından sonra Azərbaycan xalqının apardığı mübarizə nəticəsində 1991-ci il oktyabrın 18-də ölkənin müstəqilliyini bərpa etdiyini vurğulayır.
Ə.Tarabek oktyabrın 9-da Azərbaycanda bir çox beynəlxalq təşkilatların nümayəndələrinin də müşahidə etdikləri seçkilərdə İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən Prezident seçildiyini diqqətə çatdırır. Müəllif qeyd edir ki, ötən 10 ildə Azərbaycanda aparılmış uğurlu islahatlar xalqın Prezident İlham Əliyevə yenidən böyük etimad göstərməsinin başlıca səbəblərindəndir.
Məqalədə son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadi sahədə əldə edilmiş nailiyyətlər haqqında ətraflı məlumat verilir. Bütün bu nailiyyətlərin əsas səbəbi kimi ölkədəki daxili siyasi sabitliyin təmin olunması vurğulanır, eyni zamanda, iqtisadi sahədə əldə edilmiş uğurların dövlətin qüdrətinin artmasının və xaricdən asılılığın tamamilə aradan qalxmasının göstəricisi olduğu bildirilir.
Müəllif Azərbaycanın neft-qaz ölkəsi kimi tanındığını, eyni zamanda, qeyri-neft sektorunun da inkişaf etdiyini, valyuta ehtiyatlarının 48 milyard manatı keçdiyini, bununla da ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığının qarşısının alındığını diqqətə çatdırır. Bununla da ötən illərdə Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişafına yönəlmiş islahatların nəticəsi olaraq 2003-2012-ci illərdə qeyri-neft sektorunda artım dünyada ən yüksək göstəricilərdən olmuşdur. Bundan başqa, 10 il ərzində ölkədə yaradılan 1 milyon 200 mindən artıq yeni iş yerinin 90 faizdən çoxu qeyri-neft sektoruna aiddir.
Ə.Tarabek Azərbaycanın ötən 10 ildə turizm sektorunun inkişafına yönəlmiş dövlət proqramları, bu sahəyə yatırılan investisiyalar haqqında ətraflı məlumat vermiş, 2012-ci ildə ölkəyə gələn əcnəbilərin sayının 2 milyondan çox olduğunu bildirmişdir.
Müəllif son 10 ildə Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də ətraflı bəhs etmişdir.