Türkiyəli nazir: Qardaş Azərbaycanı Beynəlxalq Nəqliyyat Forumuna uğurlu sədrliyi münasibətilə təbrik edirik
Leypsiq, 7 may, AZƏRTAC
Qardaş Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna (ITF) sədrliyinin uğurlu olduğunu hesab edirik. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ITF-də uğurlu fəaliyyəti nəticəsində üzvlərinin sayı 69-dan 72-yə çatdırılan foruma sədrliyi Azərbaycan həqiqətən də uğurla həyata keçirdi. Qardaş Türkiyə olaraq Azərbaycanı bu uğur münasibətilə təbrik edirik.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın sədrliyi ilə ITF-in Leypsiqdə keçirilən İllik Sammitində iştirak edən Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu jurnalistlərə açıqlaması zamanı deyib.
Qardaş ölkələrimizin bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində çox sıx əməkdaşlıq etdiyini, birlikdə mühüm layihələrin reallaşdırılmasına önəmli töhfələr verdiyini vurğulayan nazir bildirib: “Azərbaycan Xəzərdən keçən Orta Dəhlizin əsas aktorlarından biridir. Mühüm ölkələrdən biri də Türkiyədir. Biz bu sahədə əməkdaşlığı gücləndirmək üçün daha əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsini həyata keçirdik və Uzaq Şərqdən - Çindən yola salınan yüklərin Londona qədər getməsini təmin etdik. Təbii ki, daşınan yüklərin həcmi istədiyimiz qədər olmasa da, bu potensialı gündən-günə gücləndiririk. Digər bir alternativ də Türkiyə və Azərbaycanı Naxçıvan vasitəsilə birbaşa birləşdirən Zəngəzur dəhlizidir. Biz Türkiyə tərəfində inşa fəaliyyətlərinə başladıq. Naxçıvan tərəfində də Azərbaycan başlayacaq. Bu barədə azərbaycanlı həmkarımla da müzakirələr apardıq. Allahın izni ilə Zəngəzur dəhlizi yaxın vaxtda fəaliyyətə başladıqda, bütün marşrut boyunca həm yüksək potensiala malik, həm də daha qısa yolla Türkiyə və Azərbaycanı bir-biri ilə birləşdirməklə yanaşı, Orta Dəhlizə də yeni alternativ güc qazandıracağıq”.