Tallində Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Bakı, 7 may, AZƏRTAC
Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Tallində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən səfir Anar Məhərrəmov Ümummilli Lider Heydər Əliyevin həyat yolu və müasir Azərbaycan dövlətinin qurulmasındakı xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu artıb. Ölkəmizin nailiyyətləri Azərbaycanın BMT-nin təşəbbüsü ilə keçiriləcək WUF13 forumuna ev sahibliyi etməsinə imkan yaradıb.
Estoniya Parlamentinin deputatı, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mariya Yufereva-Skuratovski tədbirdə iştirakından qürur duyduğunu bildirib. Qeyd edib ki, Ümummilli Liderin həyatı Vətənə və xalqa bağlılığın nümunəsidir. Deputat Estoniya ilə Azərbaycan arasında münasibətlərin qarşılıqlı anlaşma və hörmət əsasında qurulduğunu vurğulayıb, parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edərək qarşılıqlı səfərləri bunun nümunəsi kimi dəyərləndirib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyatını əks etdirən videoçarx nümayiş olunub. Eyni zamanda, tədbir iştirakçıları Ulu Öndərlə bağlı foto və kitab sərgisi ilə tanış olublar.