SİYASƏT
Misirli jurnalist Azərbaycan-Misir əlaqələrinin perspektivlərindən yazıb
Qahirə, 24 iyun, AZƏRTAC
Misirli jurnalist, “Rayət Masr” informasiya portalının baş redaktoru Məhəmməd Rəfat Fəraq Azərbaycan-Misir əlaqələrinin perspektivlərindən bəhs edən “Misir-Azərbaycan: Tərəqqiyə və quruculuğa aparan yol” sərlövhəli məqalə yazıb.
AZƏRTAC xəbər verir ki, məqalədə öz torpaqlarını Ermənistanın işğalından azad edən Azərbaycan xalqının geniş bərpa və quruculuq işlərinə başladığı qeyd olunur. Müəllif yazır: “Elə bir gün olmur ki, Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsinin inkişafı, işğaldan azad olunmuş ərazilərdə dağıdılmış binaların, infrastruktur obyektlərinin və məscidlərin bərpası istiqamətində yeni bir addım atmasın. Dövlət başçısı Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonuna səfər edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edərkən bildirib ki, artıq bütün səyləri toplayaraq və resursları səfərbər edərək böyük infrastruktur layihələrinə başlanılıb.
Müəllif yazır ki, Misir dost ölkə olan Azərbaycanın hər bir uğuruna sevinir və qarşıda geniş əməkdaşlıq üçün böyük potensial mövcuddur. Bu günlərdə Qahirədə iki ölkənin Xarici İşlər nazirliklərinin müavinlər səviyyəsində apardıqları məsləhətləşmələr bu baxımdan çox faydalı olub. Misir və Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarını bəyan ediblər. İqtisadi-ticari əlaqələrin daha yüksək templərlə inkişafı və bu məsələnin Misir-Azərbaycan Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasında müzakirə edilməsi gözlənilir. Eyni zamanda, Bakı və Qahirə beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı davam etdirmək əzmindədirlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə