Misirli tədqiqatçının məqaləsində Quba Soyqırımı Memorial Kompleksi haqqında ətraflı məlumat verilib
Qahirə, 26 mart, AZƏRTAC
Misirin “Əl Vəsilə” nəşrində tədqiqatçı-jurnalist Əhməd Əbdo Tərabikin Quba Soyqırımı Memorial Kompleksi və ermənilərin XX əsrin əvvəlində azərbaycanlılara qarşı soyqırımı haqqında geniş məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllif Quba kütləvi məzarlığının 2007-ci ildə aşkar edildiyini, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının tədqiqatı nəticəsində buradakı insan qalıqlarının ermənilərin 1918-ci ildə vəhşicəsinə qətlə yetirdikləri dinc əhaliyə aid olduğunun sübuta yetirildiyi qeyd edib. O yazıb ki, məzarlıqda 400-dən çox soyqırımı qurbanının, o cümlədən 50 azyaşlı, 100-dən artıq qadının sümükləri tapılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə məzarlıqda Quba Soyqırımı Memorial Kompleksi inşa edilib.
Məqalədə Quba Soyqırımı Memorial Kompleksində tarixi sənəd və faktlar əsasında zəngin muzey yaradıldığı qeyd olunub. Müəllif, həmçinin 1918-ci ildə erməni quldur dəstələrinin Quba, Bakı, Şamaxı və Azərbaycanın digər şəhərlərində törətdikləri qırğınlar barədə ətraflı məlumat verib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə