Monopeyvənd yalnız bir infeksiyadan qoruyur
Bakı, 24 yanvar, AZƏRTAC
1 və 6 yaşlarında olan bütün uşaqlara iki dəfə qızılca, parotit və məxmərək infeksiyalarına qarşı peyvənd vurula bilər. Müşahidələr göstərir ki, son aylar qızılca peyvəndinin vurulması ilə əlaqədar müraciət edənlərin sayı artıb. Peyvənd vurduranların sayının artması isə xəstəliyin azalmasına imkan yaradır. Eyni zamanda qızılca hadisələrinin aktiv aşkar olunması və infeksiya ocaqlarında epidemiya əleyhinə tədbirlərin aparılması da infeksiyalara yoluxmaların sayının azalmasına səbəb olur. Lakin bəzi vətəndaşlar hesab edirlər ki, COVID-19-a qarşı vurulan peyvənd onları digər viruslara, eləcə də qızılcaya qarşı da qoruya bilər.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bununla əlaqədar deyib: “Peyvənd yalnız bir infeksiyaya qarşıdırsa, onda həmin infeksiyadan da qoruyur. Klinik praktikada peyvəndlərin tərkibinə daxil olan üçlü, dördlü, hətta beşli komponentlər var, yəni hər bir peyvəndin içində bir neçə infeksiyanın materialı olduğuna görə onlar həmin infeksiyalardan qoruya bilər. Amma konkret bir peyvənd, yəni monopeyvənd yalnız bir infeksiyadan qoruyur”.
İnfeksionistin dediyinə görə, hazırda ölkəmizdə 11 infeksiya xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir. Hər bir vətəndaşdan həmin qaydalara əməl etmək tövsiyə olunur.