Monteneqro Prezidenti: Qərbi Balkan regionu yalnız Aİ-nin bir hissəsi olduqda sabitliyə qovuşacaq
Podqoritsa, 13 sentyabr, AZƏRTAC
Qərbi Balkan regionu ölkələri yalnız Avropa İttifaqının (Aİ) bir hissəsi olduqda sabitliyə qovuşacaq. Lakin hazırda region Avropanın ortasında böyük bir dəlik kimidir.
AZƏRTAC xəbər verir ki, bunu Monteneqro Prezidenti Yakov Milatoviç İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, Monteneqronun Aİ-yə üzv olması genişlənmənin hələ də mümkün olduğunu göstərəcək. Biz hamımız Monteneqroda, Qərbi Balkan regionunun sabit bölgəsində yaşamalıyıq.
O, İtaliyaya rəsmi səfərinin Monteneqronun Aİ-yə daxil olması ilə bağlı bu ölkədən daha güclü dəstək alması üçün yaxşı fürsət olduğunu deyib.
Y.Milatoviç əlavə edib ki, Monteneqro Aİ-nin himayəsi ilə Belqrad və Priştina arasında dialoqu həmişə dəstəkləyib.
Səfər çərçivəsində ötən gün Romada Prezident Sercio Mattarella ilə görüşən Yakov Milatoviç sentyabrın 13-də Baş nazir Ciorcia Meloni ilə ölkələr arasında ikitərəfli əməkdaşlığı müzakirə edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa