MOSKVA ATƏT-İN AZƏRBAYCANLA BAĞLI NƏTİCƏLƏRİNİ TƏNQİD EDİR
Azərbaycanda parlament seçkilərindən sonra Rusiya beynəlxalq müşahidə missiyasının nəticələrini tənqid etmişdir. Moskvanın ATƏT-dəki səfiri Aleksey Borodavkin Avstriya Mətbuat Agentliyinin müxbirinə bildirmişdir ki, mənfi cəhətlər olduqca çox vurğulanır. O tələb etmişdir ki, gələcəkdə vəziyyətin yaxşılaşdırılmasına və tərəqqiyə daha çox diqqət yetirilsin.
Səfir demişdir ki, Azərbaycanda işləmiş missiya parlament seçkilərinin ATƏT-in bir sıra öhdəliklərinə və Avropa Şurasının demokratik seçkilərə dair standartlarına uyğun keçirilmədiyini bəyan etmişdir. Biz bununla razılaşa bilmərik. Bizim fikrimizcə, qüsurlar və bəzi pozuntular olmuşdur, lakin bunlar seçkilərin nəticələrinə təsir göstərməmişdir. Üstəlik, hökumət araşdırma apararaq və səslərin yenidən hesablanmasını təşkil edərək, yaranmış problemləri aradan qaldırmağa başlamışdır.
Diplomat demişdir ki, biz hesab edirik, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və digər beynəlxalq müşahidə missiyalarının taktikası əldə olunmuş tərəqqini etiraf etməkdən, demokratiyanın gələcək inkişafını təşviq etmək və bu prosesə kömək göstərməkdən ibarət olmalıdır. Azərbaycana dair nəticələr daha çox ölçülüb-biçilmiş olmalı idi.
ATƏT-in seçkiləri müşahidə missiyasının tərkibinə Rusiyadan 87 müşahidəçi daxil idi. ATƏT əməkdaşlarının məlumatına görə, seçkilərdə Rusiya nümayəndələrinin sayı hamıdan çox idi. ATƏT-in kuluarlarında missiyanın tərkibində belə geniş iştirakı paradiqmanın dəyişməsi adlandırmışlar. Bu yaxınlaradək Moskva müşahidəçilər missiyasını, xüsusən Gürcüstan, Ukrayna və Qırğızıstan “inqilablarından” sonra, kəskin tənqid edirdi və təşkilatın büdcəsinin formalaşdırılmasına bir neçə ay imkan verməmişdi.
A.Borodavkin belə bir halı da tənqid etmişdir ki, seçkilərin nəticələri bağlı qapı arxasında, bu işlə çoxdan məşğul olan müşahidəçilərdən ibarət kiçik qrup və missiyanın rəhbəri tərəfindən hazırlanmışdır. Onun sözlərinə görə, missiyada rəhbər vəzifələrə təyinatların qaydası da anlaşılmaz olaraq qalır.
Səfir missiyanın tərkibini də qeyri-şəffaf adlandırmışdır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT-in Parlament Assambleyası arasında birgə müşahidələr aparmaq barədə razılaşma var. Bu, NATO-nun və Avropa Şurasının, habelə Avropa Parlamentinin parlament assambleyalarına aid deyildir. MDB missiyasından fərqli olaraq, həmin təsisatlar beynəlxalq müşahidəçilər missiyasının tərkibinə daxil idilər.
A.Borodavkinin sözlərinə görə, Moskva Qazaxıstanda dekabrın əvvəllərinə təyin olunmuş prezident seçkilərində iştirak edəcək ATƏT missiyasına öz müşahidəçilərini ezam etmək niyyətindədir. Rusiya seçkilərin müşahidəsi üzrə ATƏT missiyalarında iştirakı bundan sonra da planlaşdırır. Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə metodologiyasının yaxşılaşdırılmasına cəhd göstəriləcəkdir.