Moskvada 1918-ci ilin mart hadisələrinə həsr edilmiş konfrans olub
Moskva, 1 aprel, AZƏRTAC
Azərbaycanın Moskvadakı səfirliyində “Bakı şəhərində 1918-ci ilin mart hadisələri - ilkin səbəbləri, xarakteri, nəticələri” mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycanlıların Soyqırımı Gününə həsr edilib. Səfirliyin foyesindəki stenddə 1918-ci ilin faciəli hadisələrini əks etdirən fotoşəkillər nümayiş etdirilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1918-ci ilin baharında baş vermiş faciəli hadisələrin 80-ci ildönümü ərəfəsində - 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayandan sonra bu tarix xalqımızın kədərli hadisələri təqviminə daxil olub. O vurğulayıb ki, 31 mart hadisələri haqqında gənclərə danışmaq çox vacibdir. Diplomat deyib: “Keçmişi olmayanın, gələcəyi də yoxdur. Tarixin kədərli anlarını xatırlamaq nə qədər ağır olsa da, biz onu unutmamalıyıq, nəsildən-nəslə ötürməliyik”.
Diplomat 1918-ci ildə azərbaycanlıların kütləvi qırğını xronikasını arxiv materialları və sənədli sübutlar əsasında zərrə-zərrə bərpa edərək müasir auditoriyaya çatdıran tarixçi alimlərin xüsusi rolunu vurğulayıb. O, mötəbər arxiv məlumatlarına söykənən elmi yazıları ilə Azərbaycan üçün ən ağır tarixi hadisələr üzərinə işıq salan tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidiyə təşəkkür edib.
Professor S. Rüstəmova-Tohidinin “1918-ci ilin martı. Bakı. Azərbaycanlılara qarşı talanlar sənədlərdə”, “Quba.1918-ci ilin aprel-may ayları. Müsəlmanlara qarşı talanlar sənədlərdə ” və “1918-ci ilin mart-iyul ayları. Azərbaycanlılara qarşı talanlar sənədlərdə” və digər kitablarının təqdimatı olub. Müəllif erməni millətçilərinin Azərbaycan xalqına qarşı uzun illər davam edən məqsədyönlü soyqırımı siyasətindən, əzəli Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qəsb olunmasından ətraflı söz açıb. Alimin fikrincə, 1918-ci il hadisələrinin ilkin səbəbləri 1915-ci il hadisələrindədir.
Tarixçi deyib: “Bu, yeni konseptual yanaşmadır. Bu baxımdan hadisələrə 1914-cü ildə başlayan Birinci dünya müharibəsi prizmasından baxılıb”. Professor vurğulayıb ki, nadir mənbələri öyrənmək ilə məşğuldur və bu mənbələr əsasında hər il Fövqəladə İstintaq Komissiyasının materillarının yer aldığı yeni bir kitabın təqdimatını keçirməyə hazırlaşır. O deyib: “Təəssüf ki, bu il kitab buraxmağa macal tapmadım. Lakin həmin kitab, demək olar, hazırdır. Kitabda Azərbaycanın Göyçay və Cavad əyalətlərində talanlar barədə nadir informasiya var. Ölkəmizdə bu mövzuya dair materiallar saxlanılmayıb. Lakin mən onları Paris arxivində tapmağa müvəffəq olmuşam”.
S. Rüstəmova-Tohidinin sözlərinə görə, ”Qarabağ və Zəngəzur” kitabının və daha bir neçə araşdırmanın təqdimatını keçirmək, həmin mövzuya dair silsilə yazıların nəşrini 2018-ci ilə qədər tam başa çatdırmağı planlaşdırılır.
Tarixçi alim vurğulayıb ki, Azərbaycan rəhbərliyi tarixin öyrənilməsinə və real tarixi proseslər haqqında həqiqi informasiyanın dünya ictimaiyyətinə çatdırılmasına böyük əhəmiyyət verir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva