MOSKVADA AZƏRBAYCAN PARLAMENTİNƏ SEÇKİLƏRİN NƏTİCƏLƏRİNİ TƏHLİL EDİRLƏR
Rusiyanın “Novosti” agentliyində ölkəmizin Moskvadakı səfiri Ramiz Rizayevin, “Nasional” informasiya-nəşriyyat evinin baş redaktoru Rüstəm Arifcanovun və Ümumrusiya Azərbaycan Konqresi nümayəndəsinin iştirakı ilə keçirilən mətbuat konfransında parlament seçkilərinin yekunları ilə əlaqədar Azərbaycan–Rusiya münasibətlərinin inkişaf perspektivləri məsələlərinə toxunulmuşdur.
Rüstəm Arifcanov bildirmişdir ki, Azərbaycanda seçkilər şəffaf və demokratik şəraitdə, beynəlxalq standartlara uyğun şəkildə keçirilmişdir. ATƏT-in nümayəndə heyəti və ABŞ müşahidəçiləri seçkilərdəki nöqsanları qeyd etməklə yanaşı, seçkilərin nəticələrini şübhə altına almırlar. O demişdir: “Azərbaycan üçün vacib olan hətta o deyildir ki, Prezident İlham Əliyevin xətti qalib gəlmişdir, vacib olan məhz budur ki, bu seçkilər Azərbaycanda indiyədək keçirilən bütün seçkilərlə müqayisədə daha demokratik keçmişdir. Rusiya üçün çox vacibdir ki, Gürcüstandan fərqli olaraq, Rusiyaya yaxın və dost Azərbaycanda siyasi proseslərdə iştirak edən qüvvələr arasında Rusiya əleyhinə mövqedə dayanan, Rusiya əleyhinə şüarlar irəli sürən, əslində, heç bir siyasi partiya, o cümlədən müxalifət partiyası yoxdur. Seçkilərdə qələbə qazanan Yeni Azərbaycan Partiyası RF ilə münasibətlərin bundan sonra da inkişaf etdirilməsini və bu mövqeyin möhkəmləndirilməsini özünün başlıca məqsədlərindən sayır ki, bu da Rusiya-Azərbaycan əlaqələrinə müsbət təsir göstərir. Təsadüfi deyil ki, Rusiya parlamentinin nümayəndələri, rusiyalı müşahidəçilər bu qələbəni müsbət meyil kimi dəyərləndirmişlər. Rusiya ilə Azərbaycan arasında, hər halda, indiki dövrdə köklü fikir ayrılıqları yoxdur”.
Azərbaycan öz tarixində Xalq Cəbhəsindən olan yalançı demokratların və millətçilərin hakimiyyətdə olduğu çox qısa dövrü yaşamışdır. O zaman Rusiya ilə münasibətlər kəskin surətdə pisləşmişdi. Ölkə daxilində siyasi və sosial həyat pisləşmişdi. R.Arifcanov demişdir: “Məhz buna görə də Azərbaycanda seçicilərin əksəriyyəti parlament seçkilərində müxalifəti dəstəkləmədi. Vaxtilə onların bir il hakimiyyətdə olmaları Azərbaycan tarixinin ən dəhşətli məqamlarından birinə çevrilmişdir. Azərbaycan xalqını ikinci dəfə aldatmaq mümkün olmadı. Dəbdə olan üzdəniraq rəngli, yaxud narıncı inqilabların tərəfdarları isə bilməlidirlər ki, Azərbaycan xalqına hətta belə inqilablar da dözüm aşılamışdır. Azərbaycan iqtidarı təkcə qonşu Gürcüstanın və dost Ukraynanın deyil, həm də özünün səhvlərindən nəticə çıxarmışdır.
Natiq xatırlatmışdır ki, bir neçə ay bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət zamanı ona indiki hakimiyyətin siyasətinin Rusiya, Amerika, Türkiyə, yaxud İran yönümlü olması barədə sual vermişdi. Ölkə Prezidentinin verə biləcəyi yeganə doğru və dəqiq cavab isə belə olmuşdur: “Azərbaycanın siyasəti Azərbaycan yönümlüdür”. Azərbaycanın böyük iqtisadi potensialı var və son məlumata görə, ölkədə ümumi daxili məhsulun artımı MDB ölkələri arasında nəinki birinci yerdədir, hətta ikinci və üçüncü yerdə gedən dövlətləri xeyli arxada qoymuşdur. Təbiidir ki, bütün bunlar dünyadakı müxtəlif qüvvələrin diqqətini cəlb edir. Məhz buna görə də Azərbaycanda Milli Məclis seçkilərinə maraq belə yüksəkdir.
R.Arifcanov Yeni Azərbaycan Partiyasının indiki qələbəsi ilə Rusiya Federal Məclisinə seçkilərdə hökumət yönümlü “Vahid Rusiya” Partiyasının qələbəsini müqayisə edərək demişdir ki, seçkilərdə YAP-ın qələbəsi sanballıdır, lakin mütləq deyildir. YAP parlamentdə “Vahid Rusiya” partiyasının Federal Məclisdə tutduğu qədər yer tutacaqdır. Bu, Azərbaycan üçün yaxşıdır, çünki parlamentə seçilən 15-20 müxalifətçi küçələrdə icazəsiz mitinqlər təşkil etmək əvəzinə, öz fikrini parlament tribunasından deyə biləcəkdir. Zənnimcə, müxalifətin parlamentdə bu cür təmsil olunması onun Azərbaycan cəmiyyətindəki rolunu əks etdirir. Belə ki, seçkilərin nəticələri sosioloqların proqnozları, exit-polların nəticələri ilə üst-üstə düşmüşdür. Bu o deməkdir ki, parlament seçkiləri bugünkü Azərbaycanın hansı vəziyyətdə olduğunu təsdiq etmişdir.