MOSKVADA “AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİ VƏ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN İNKİŞAF YOLLARI” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Dəyirmi masada siyasi tarix kafedrasının müdiri L.Leonova, yaxın xarici ölkələr tarixi kafedrasının müdiri Y.Pivovar, keçmiş sovet məkanında siyasi proseslərin öyrənilməsi üzrə İnformasiya-Təhlil Mərkəzinin rəhbəri A.Vlasov, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri C.Axundov, səfirliyin birinci katibi Ş.Qarayev, ÜAK-ın icraçı direktoru E.Quliyev, habelə MDU-nun tarix fakültəsinin professor-müəllimləri, aspirantlar və tələbələr iştirak etmişlər.
Görüşdə Azərbaycanda parlament seçkilərinin siyasi yekunları və seçkilərin yekunlarının ölkə daxilində siyasi, iqtisadi və sosial vəziyyətə, habelə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına təsiri ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Çıxış edənlər bildirmişlər ki, Azərbaycanda noyabrın 6-da parlament seçkiləri demokratik və azad şəraitdə keçmiş, beynəlxalq normalara və tələblərə cavab vermişdir. Həm bilavasitə seçkilər, həm də onlara hazırlıq zamanı bu prosesi izləyən çoxsaylı beynəlxalq müşahidəçilər də belə bir fikirdədirlər. İclas iştirakçıları Azərbaycanda demokratik, vətəndaş cəmiyyətinin təşəkkül prosesini və ölkə rəhbərliyinin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirmişlər. Prezident İlham Əliyevin Azərbaycanda seçki təcrübəsinin təkmilləşdirilməsi haqqında son sərəncamları cəmiyyətin demokratikləşdirilməsi prosesinin planauyğun həyata keçirilməsinə, habelə ümumən ölkədə siyasi mədəniyyətin səviyyəsinin yüksəldilməsinə kömək edir. Azərbaycanda parlament seçkiləri zamanı tətbiq edilən yeni demokratik metodlar da müsbət qiymətləndirilmişdir.
Sonda dəyirmi masa iştirakçıları belə bir yekdil rəy söyləmişlər ki, Azərbaycanda keçirilmiş azad və demokratik seçkilər demokratik islahatlar aparılması və vətəndaş cəmiyyətinin formalaşdırılması səviyyəsinə görə MDB ölkələri üçün nümunə ola bilər.
İclas iştirakçıları bildirmişlər ki, parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının inamlı qələbəsinin göstərdiyi kimi, daxili və xarici siyasətdə köklü dəyişikliklər gözlənilmir və Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin yüksək səviyyəsi qorunub saxlanacaq, xalqlarımızın rifahı naminə inkişaf etdiriləcək və təkmilləşdiriləcəkdir.