MOSKVANIN ÇERKİZOVO BAZARINDA PARTLAYIŞ BAŞ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindəın xəbər verir ki, ilkin rəsmi məlumatlara görə, 10 nəfər, o cümlədən iki uşaq həlak olmuşdur. 41 nəfər, əsasən, qəlpə yaraları və yanıqlarla xəstəxanalara çatdırılmışdır.
Hadisə yerində Moskva hüquq mühafizə orqanlarının və Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndələri işləyirlər. Mosva prokuroru Yuri Syomin, paytaxt merinin müavini Vladimir Resin, Baş Daxili İşlər İdarəsinin (BDİİ) rəisi Vladimir Pronin və digər şəxslər səhərdən hadisə yerinə gəlmişdilər.
Moskva BDİİ-nin rəisi Vladimir Pronin AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bazarda tüstüsüz partlayıcı qurğu işə salınmışdır. O demişdir: “Bu, partlayışdır, ikinci fərziyə kimi qaz balonunun partlaması nəzərdən keçirilir”. V.Ploninin sözlərinə görə, həlak olanların milliyyəti hələlik müəyyənləşdirilməmişdir, hazırda partlayışın şahidləri dindirilir. BDİİ-nin rəisi demişdir: “Partlayış faktı üzrə hələlik heç kim saxlanılmamışdır, təhqiqat-əməliyyat işləri aparılır”.
Moskva merinin müavini Vladimir Resin jurnalistlərə bildirmişdir ki, partlayışın nəticələrinin aradan qaldırılmasına dair qərargah yaradılmışdır, zərərçəkənlərin ailələrinə yardım göstəriləcəkdir.
Moskva prokuroru Yuri Syomin isə demişdir ki, Çerkizovo bazarında baş vermiş partlayışla əlaqədar əsas variant kommersiya rəqabətidir, lakin terror aktının mümkünlüyü də istisna olunmur.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səfirliyin əməkdaşlarına hadisə yerinə getməyi, həlak olanlar və zərərçəkənlər arasında həmvətənlərimizin olub-olmadığını dəqiqləşdirməyi tapşırmışdır. Səfirliyin müşaviri Baxış Zeynalovun sözlərinə görə, bu məsələ hazırda səfirlik tərəfindən dəqiqləşdirilir və tezliklə rəsmi məlumat veriləcəkdir.
Qeyd edək ki, bu bazarda, əsasən, Çin və Vyetnam vətəndaşları işləyirlər. Azərbaycan vətəndaşı olan şahidlərin sözlərinə görə, yüngül yaralanmış iki həmyerlimiz xəstəxanaya qoyulmuişdur.
Moskva prokurorluğu fakt üzrə cinayət işi açmışdır, təhqiqat gedir.