MRİO-da basketbol yarışlarının qalibləri mükafatlandırılıb
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də Məktəblilərin Respublika İdman Olimpiadası (MRİO) çərçivəsində basketbol idman növü üzrə yarışların qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Basketbol Federasiyasının prezidenti, elm və təhsil naziri Emin Əmrullayev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, eləcə də nazirliyin nümayəndələri iştirak ediblər.
Bakı İdman Sarayının ev sahibliyi etdiyi yarışlarda basketbol üzrə final və üçüncü yer uğrunda oyunlar keçirilib.
Oğlanlar arasında keçirilən final qarşılaşmasında RİOEUGİM-2 komandası 36:11 hesabı ilə Gəncə UGİŞM komandasına qalib gələrək turnirin qalibi olub. Qızların final oyununda isə İOEUGİM-8 komandası Gəncə UGİŞM-1 komandası üzərində 42:14 hesablı qələbə qazanaraq birinci yerə layiq görülüb.
Oğlanların üçüncü yer uğrunda mübarizəsində İOEUGİM-8 komandası UGİM-10 komandasını 49:13 hesabı ilə məğlub edib. Qızlar arasında üçüncü yer uğrunda oyunda isə Cəlilabad UGİM komandası Tovuz UGİŞM komandası üzərində 23:9 hesabı ilə qələbə qazanıb.
Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadası ölkədə ilk dəfə təşkil olunur. Yarışların əsas məqsədi məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və gənc idmançıların inkişafına dəstək göstərməkdir. Olimpiada iyunun 26-dək davam edəcək.