“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Bakının Sabunçu rayonundakı 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında “Müalicə alan uşaqların distant təhsili” layihəsinin açılış mərasimi olub. Layihə xüsusi qayğıya ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli təhsil almalarına dəstək olmaq məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi ilə “Distant bilik” Mərkəzi tərəfindən həyata keçirilən layihə çərçivəsində uşaqlar üçün müalicə dövründə maraqlı və yaradıcı təhsil imkanlarından bəhrələnmək və sosial həyata adaptasiya üçün şərait yaradılır. Ötən il əvvəlcə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində başlanılan layihəyə Talassemiya Mərkəzi də qoşulub, bu ildən isə 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında da onun icrasına başlanılır.
Açılış mərasimində Təhsil Nazirliyinin layihələrin idarə olunması şöbəsinin baş məsləhətçisi Fərid Hüseynov layihə çərçivəsində müalicə alan uşaqların nazirlik tərəfindən müvafiq İKT avadanlıqları, internetə çıxış və dərs vəsaitləri ilə təmin olunduqları barədə məlumat verilib. Bununla əlaqədar, yeni qoşulan tibb müəssisəsinə də 20 noutbuk verilib, müəssisədə şəbəkə infrastrukturu yaradılıb və ilk distant dərslərin tədrisinə başlanılıb.
Qurumun verdiyi məlumata görə, uşaqların xəstəliyi nəzərə alınaraq, layihə çərçivəsində keçirilən fənlər fərdi yanaşma prinsipinə əsasən interaktiv formada tədris olunur. Ümumi tədris fənləri üzrə dərslər həm distant, həm də canlı formada keçirilir. Layihə uşaqların müalicə dövründə təhsil imkanlarından faydalanmalarına, yeni texnologiyalar ilə işləmək bacarıqlarının formalaşmasına, onların cəmiyyətə inteqrasiyasına və müalicə dövrünün daha rahat keçməsinə töhfə verir.
“Distant bilik” Mərkəzinin direktoru Fuad Ağayevin verdiyi məlumata görə, layihənin başlıca məqsədi müəyyən xəstəliklərdən əziyyət çəkən şagirdlərdin təhsildən kənarda qalmamasıdır. O, qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq distant təhsildə musiqi terapiyası da tətbiq olunur. Stasionar xəstələr ilə bərabər eyni fənlər ambulator xəstələrə də keçirilir. Bu da onların təhsilinə müsbət təsir göstərməklə yanaşı, müayinə nəticələrini gözləyərkən gərginlik və əsəbilik hallarının azalmasına səbəb olur.
5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Güllü Əhmədova sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinə göstərilən qayğıya görə layihə müəlliflərinə və icraçılara təşəkkür edib.