REGİONLAR
Müasir Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir
Xaçmaz, 12 iyun, Elxan Yusifli, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xaçmaz rayonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “Ümummilli Lider Heydər Əliyev xaçmazlıların xatirələrində” mövzusunda tədbirdə bildirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev mərkəzində Ulu Öndərin Xaçmaz rayonuna səfərlərini əks etdirən fotoşəkillərə baxıblar.
Tədbirdə bildirilib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə Xaçmaz rayonuna üç dəfə səfər edib. Ulu Öndərin Xaçmaza hər gəlişi rayonun sosial, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb, inkişafa yol açıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bütün varlığı, bilik və bacarığı ilə xalqına, torpağına bağlı dahi şəxsiyyət idi. Onun sayəsində Azərbaycan parçalanmaqdan, dövlət kimi yox olmaq təhlükəsindən xilas oldu. Güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir.
Ulu Öndər Heydər Əliyevlə görüşmüş xaçmazlılar - Milli Qəhrəman Yavər Şahbazovun atası Əlibala Şahbazov, Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Əli Mustafayev, ehtiyatda olan zabit Sabir Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul işçisi Yaqut Məsimova və rayon ziyalısı Sürəyya Əmirova çıxışlarında Ümummilli Liderlə bağlı xoş xatirələrini bölüşüblər.
Tədbirdə rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup şəxs rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunub.
Sonda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.