“Müasir dünyada sülh və etimadın əhəmiyyəti” mövzusunda videokonfrans keçirilib
Videokonfransda AZƏRTAC da təmsil olunub
Aşqabad, 24 mart, AZƏRTAC
Türkmənistan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “Müasir dünyada sülh və etimadın əhəmiyyəti” mövzusunda videokonfrans keçirilib.
Türkmənistanın müstəqilliyinin 30-cu, daimi bitərəfliyinin 25-ci ildönümlərinə və 2021-ci ilin “Beynəlxalq Sülh və Etimad İli” elan olunmasına həsr edilən konfransda milli və xarici KİV-lərin rəhbərləri və təmsilçiləri, Aşqabadda akkreditə olunmuş xarici jurnalistlər, habelə dünyanın 18 ölkəsindən 80-ə yaxın xəbər agentliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) Xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsinin müdiri Süleyman İbrahimov AZƏRTAC ilə Türkmənistan Dövlət İnformasiya Agentliyi arasında imzalanmış əməkdaşlıq haqqında memorandumu xatırladaraq, bu sənədin ölkələrimiz arasında informasiya sahəsində əlaqələri gücləndirdiyini vurğulayıb.
O bildirib ki, Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən biridir. Müasir dövrdə multikulturalizm Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycan dövləti multikultural dəyərlərə və tolerantlığa, dünyada dinlərarası dialoqun inkişafına xüsusi önəm verir.
AZƏRTAC-ın əməkdaşı, həmçinin koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın gördüyü işlərdən, beynəlxalq miqyasda verdiyi töhfələrdən, həmçinin 44 günlük Vətən müharibəsində ölkəmizin Ermənistan üzərində qazandığı parlaq Qələbədən danışıb, AZƏRTAC-ın bütün bunlarla bağlı dolğun, dəqiq və qərəzsiz məlumatları operativ şəkildə dünya ictimaiyyətinə çatdırdığını vurğulayıb. Həmçinin bildirilib ki, dünyada ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində kütləvi informasiya vasitələrinin rolu getdikcə artır.
Digər çıxış edənlər sülh və etimad haqqında fikirlərini bölüşüb, bu dəyərlərin milli, regional və beynəlxalq səviyyələrdə təbliğində KİV-lərin rolunu qeyd ediblər.
Tədbirdə ölkələr və xalqlar arasında dostluq və qarşılıqlı anlaşma əlaqələrinin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad