MÜDAFİƏ NAZİRLİYİ ƏN YAXŞI MÜƏLLİF YAZILARININ MÜSABİQƏSİNİ KEÇİRİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin şərtlərinə görə, milli Silahlı Qüvvələrin yaradılması və ordu quruculuğu prosesinə əldə olunmuş nailiyyətləri təbliğ edən, müsabiqəyə təqdim olunması nəzərdə tutulan müəllif yazıları 2004-cü il iyulun 15-dən oktyabrın 15-dək kütləvi informasiya vasitələrində dərc edilməlidir. Yazıların dərc olunduğu qəzetlərin bir nüsxəsi oktyabrın 20-dən gec olmayaraq üstündə “Müsabiqəyə təqdim olunur” sözləri yazılmış bağlı zərfdə təşkilat komitəsinə (Bakı şəhəri, Səməd Vurğun küçəsi, 12. Həzi Aslanov adına Mərkəzi Zabitlər evi. Əlaqə telefonu: 93-76-01) təqdim olunmalıdır. Qaliblərin adı təşkilat komitəsinin yaratdığı münsiflər heyəti tərəfindən oktyabrın 25-də elan olunacaqdır.
Yazıların janr müxtəlifliyinə məhdudiyyət qoyulmur.
Qaliblər aşağıdakı 4 nominasiya üzrə müəyyən ediləcəklər: Azərbaycanda Silahlı Qüvvələrin yaranması və ordu quruculuğunun mərhələləri; Silahlı Qüvvələrimiz beynəlxalq münasibətlər sistemində; Ordu və cəmiyyət; Hərbi vətənpərvərlik tərbiyəsi, hərbi təhsil, ibtidai hərbi hazırlıq və əsgər mənəviyyatı.
Hər bir nominasiya üzrə üç mükafat veriləcəkdir. 1-ci mükafat 1.500 000 (bir milyon beş yüz min) manat; 2-ci mükafat 800 000 (səkkiz yüz min) manat; üçüncü mükafat 500 000 (beş yüz min) manat müəyyənləşdirilmişdir. Qaliblərin hamısına fəxri fərmanlar veriləcəkdir.
Müsabiqəyə göndərilən materiallar nominasiyalar üzrə təqdim edilməlidir.