Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabit heyətinin bir qrupu 13-cü Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq iclasının protokoluna uyğun olaraq, qardaş ölkədə səfərdə olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə Quru Qoşunları, Hərbi Təyyarəçilik və Hərbi Dəniz Qüvvələri məktəblərini, eləcə də Türkiyə Respublikası Milli Müdafiə Universitetini ziyarət edən nümayəndə heyəti burada təhsil alan azərbaycanlı kursantlarla görüşüb, onların sosial-məişət şəraiti ilə maraqlanıb.
Səfər çərçivəsində polkovnik Elşad Əbilov və polkovnik-leytenant Tural Manıyev “Xocalı soyqırımı” və “Qarabağ Zəfəri” mövzusunda məruzələrlə çıxış ediblər.
Görüşlərdə “Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə Azərbaycan və Türkiyə xalqlarının tarixi qardaşlığının və əməkdaşlığının bariz nümunəsidir” mövzusunda brifinq təqdim olunub.
Sonda təhsil müəssisələrinin rəhbər heyəti ilə xatirə şəkilləri çəkilib və qarşılıqlı hədiyyələr təqdim edilib.