CƏMİYYƏT
Müəllimlər üçün “İlk tibbi yardım” təlimi keçirilib
Bakı, 16 yanvar, AZƏRTAC
Mərkəzi Gömrük Hospitalının “Xeyirxah Platforması” təşkilatı ilə əməkdaşlığı çərçivəsində yanvarın 16-da “Sağlam gələcəyə zəmanət” devizi ilə Bakıdakı 328 nömrəli orta məktəbin müəllimləri üçün "İlk tibbi yardım" təlimi keçirilib.
Hospitaldan AZƏRTAC-a bildirilib ki, Təcili Tibbi Yardım şöbəsinin rəisi Rəna Qasımova müəllimlərin ilk tibbi yardım göstərilməsinə dair əldə edəcəkləri faydalı məlumatların və praktik biliklərin gələcəkdə onlara qarşılaşdıqları hadisələr zamanı zərərçəkənlərə yardımçı olmaqda kömək edəcəyini deyib.
Hospitalın Təcili Yardım şöbəsinin həkimi Racu Nəbiyev ilk tibbi yardım, böyüklərə və uşaqlara ilk tibbi yardımın göstərilməsi üsulları haqqında ətraflı məlumat verib.
İnteraktiv keçən təlimin sonunda müəllimlər biliklərini təcrübədə tətbiq ediblər.
Qeyd edək ki, Bakıda 10-dək orta məktəbin müəllimləri üçün "İlk tibbi yardım" təliminin keçirilməsi nəzərdə tutulub. Təlimlərin keçirilməsində məqsəd məktəb müəllimlərinə bədbəxt hadisələr zamanı həkimə qədər necə yardım edilməsini göstərmək, onların bu sahədəki bilik və bacarıqlarını artırmaqdır.