Müəllimlərin sertifikatlaşdırılması imtahanı ilə əlaqədar maarifləndirici görüşlər davam edir
Bakı, 4 aprel, AZƏRTAC
Təhsil İnstitutu tərəfindən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün sertifikatlaşdırılma imtahanına dair məlumatlandırıcı görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində təşkil olunub.
Görüşdə Təhsil İnstitutunun və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları, fənn və metodika üzrə mütəxəssislər sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında danışıblar. Həmçinin sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib. Müəllimlərin sualları cavablandırılıb.
Qeyd edək ki, Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması imtahanı üçün müəllimlərə dəstək məqsədilə mütəmadi olaraq maarifləndirici görüşlər təşkil olunur. Bu vaxta qədər Şərqi-Zəngəzur, Şirvan-Salyan, Abşeron-Xızı regional təhsil idarələrinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimləri ilə görüşlər keçirilib.