Multikulturalizm və tolerantlıq günümüzün ən vacib ümumbəşəri dəyərləridir
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən “İtaliya və Sivilizasiyalar Alyansı: İnnovativ mədəni dialoqa dair dörd təklif” mövzusunda bölmə iclası da maraqlı müzakirələrlə yadda qaldı.
AZƏRTAC xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyinin səlahiyyətli səfiri Enriko Qranaranın moderatorluğu ilə keçirilən iclasda “Fondazione Fiera” təşkilatının ictimaiyyətlə əlaqələr üzrə meneceri Fabio Storer, incəsənət və ictimai məsələlər üzrə ekspert xanım Marta Taverna, “Sattva Films” şirkətinin bədii direktoru Mişel Fasano, “Fondazione Mediterraneo” şirkətinin prezidenti Mişel Kapasso çıxış ediblər.
Bildirilib ki, bu gün dünya xalqlarının əmin-amanlıq, sülh şəraitində yaşaması, bir-birlərinə hörmət etmələri zərurətə çevrilib. Bu baxımdan sivilizasiyalararası və dinlərarası dialoqun möhkəmləndirilməsinə töhfələr daha da artmalıdır. Multikulturalizm və tolerantlıq günümüzün ən vacib ümumbəşəri dəyərləridir. Ümumbəşəri dəyərlər isə хalqların fоrmalaşdırdığı mədəni-sivil sərvətlərdir. Bu dəyərlərin qorunması üçün daha çox səy göstərilməlidir. Bütün problemlər dialoq əsasında həll edilməlidir. BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunda bu məsələlər geniş müzakirə edildi.
Natiqlər İtaliyanın bəşər sivilizasiyasına verdiyi töhfələrdən söhbət açıb, mədəniyyətin, incəsənətin xalqlar arasında dostluq münasibətlərini daha da möhkəmləndirdiyini söyləyiblər. Vurğulanıb ki, müasir incəsənətin bir çox növləri ilə mədəniyyətlərarası dialoqu təşviq etmək mümkündür. Xalqlar bir-birlərinin mədəniyyətlərini daha yaxından öyrənməlidirlər. Bundan başqa, əgər dünyada mədəniyyət abidələrinin, tarixi məkanların qorunması qarşıya məqsəd qoyularsa, qlobal problemlərin sayı da azalar. Məqsəd insanların, cəmiyyətlərin sülh və dostluq şəraitində birgə yaşamasıdır.
Diqqətə çatdırılıb ki, gənclərin multikultural dəyərlər əsasında formalaşmasına, sülhməramlı tədbirlərdə fəal iştirak etmələrinə hər zaman dəstək göstərilməlidir. Mədəniyyətlərarası dialoqun, tolerantlığın təşviqində gənclərin də üzərinə mühüm vəzifələr düşür. Buna görə də biz daim gəncləri həvəsləndirməliyik, onlarla birgə işləməliyik.
Toplantında İtaliya istehsalı olan sənədli film nümayiş etdirilib. Film muzeylərin qorunması mövzusuna həsr olunub.