DÜNYA
Müqəddəs Pavel Kilsəsi qədim kitabxanada qonaq qəbul edəcək
Bakı, 7 mart, AZƏRTAC
Müqəddəs Pavel Kilsəsi Ümumdünya Kitab Gününü qeyd etmək üçün unikal bir gecələmə üçün gizli kitabxanasını açır. Qonaqlar bu unikal tədbir zamanı Londonun əlamətdar tarixinə qərq ola biləcəklər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, yalnız martın 15-də iki qonaq Londonun tarixi abidəsinin “gizli” otağında bir gecə qala biləcəklər. Bu, İkinci Dünya müharibəsindən sonra, könüllü bir təşkilatın ərazini bombardmandan müdafiə etdiyi vaxtdan bəri kənar şəxslərin rəsmi olaraq kilsənin içərisində yatacağı ilk hal olacaq.
Qonaqlar qədim kilsədə qaldıqları müddətdə gizli kitabxanaya Dekan qapısından daxil olacaq və 300 ildən çox əvvəl ingilis memarı Ser Kristofer Vren tərəfindən hazırlanmış spiral pilləkənlə yuxarıya qalxacaqlar.
Pilləkənlərin yuxarı hissəsində 1709-cu ildə tikilmiş, orta əsr əlyazmalarından və çapın ilk dövrlərindən müasir nəşrlərə qədər 22 mindən çox yazılı mətndən ibarət nadir kolleksiyaya malik yenicə bərpa edilmiş kitabxana yerləşir. Proqrama dekanın qəbulu, kilsəyə ekskursiya və yaxınlıqdakı restoranda şam yeməyi daxildir.
Növbəti gün səhər yeməyindən sonra qonaqlar məşhur günbəzin üzərinə qalxmazdan əvvəl Holli Ceksonun “Reyçel Praysın ikinci görünüşü” və Con Qrişamın “Kaminonun təqibi” də daxil olmaqla, hələ nəşr olunmamış kitabların imzalı və möhürlənmiş nüsxələrini alacaqlar.
Kilsənin ziyarətçilərin qəbulu üzrə nümayəndəsi Sandra Lines Timbrell deyib: “Bu yaxınlarda bərpa edilmiş Müqəddəs Pavel Kafedral Kitabxanası uzun müddətdir ki, ser Kristofer Vrenin dahiyanə memarlığı tərəfindən məharətlə gizlədilmiş kafedralın gizli incisi olub. Bəzi çox şanslı qonaqlar indi bu həqiqətən unikal qonaqlama müddətində Müqəddəs Pavel Kilsəsinin tarixini və möcüzələrini daha dərindən öyrənmək imkanı əldə edəcəklər”.
Gecəsi 7 funt sterlinq olan ziyarət “Airbnb” firması vasitəsilə mümkün olacaq, sifariş müraciətləri isə martın 12-də səhər saat 10:00-da qəbul edilməyə başlayacaq.
“Airbnb”in Şimali Avropa üzrə baş meneceri Amanda Kapples bildirib ki, şirkət kitabxananın qapılarını kitabsevənlərə, tarix həvəskarlarına və paytaxtda unikal təcrübə axtaranlara açmaqdan həyəcan hissi keçirir.
“Penguin Random House” adlı ABŞ-ın brend strategiyasının direktoru Alisa Kastaneda bildirib: “Airbnb” ilə bu əməkdaşlıq ən sehrli şəkildə oxucuların əsl bayramıdır. Kafedralin gizli girişlərini araşdırmaqdan və məşhur günbəzə dırmaşmaqdan tutmuş “Penguin Random House”un ABŞ buraxılışlarını oxumağa qədər baş tutacaq bu unikal təcrübə inanılmazdır”.