Musa Quliyev: Əziz Səncərin elmi irsi Türk dünyasının gənc alimləri üçün örnəkdir
Bakı, 8 sentyabr, AZƏRTAC
Nobel mükafatı laureatı Əziz Səncər Türkiyənin yetişdirdiyi və dünya elminə bəxş etdiyi görkəmli elm xadimlərindən biridir. Onun elmi fəaliyyəti yalnız Türkiyə üçün deyil, bütövlükdə Türk dünyası üçün qürur mənbəyidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev AMEA-da professor Əziz Səncərin 80 illik yubileyinə həsr edilən elmi konfransda söyləyib.
“Prezident İlham Əliyevin Sərəncamına əsasən professor Əziz Səncərin “Şöhrət” ordeni ilə təltif olunması onun şəxsiyyətinə, elmi fəaliyyətinə və dünya elminə verdiyi töhfələrə dövlət səviyyəsində yüksək qiymətin ifadəsidir. Bu təltif həm də Azərbaycan elminin dünya elmi ilə əlaqələrinin, xüsusilə Türk dünyası ilə elmi əməkdaşlığının inkişafına verilən önəmin göstəricisidir”, – deyə Musa Quliyev vurğulayıb. O qeyd edib ki, Əziz Səncərin Azərbaycana münasibəti də diqqətəlayiqdir. Professor Azərbaycanı Türkiyə kimi öz vətəni hesab edir, Azərbaycan elminin inkişafına və Türk dünyasının alimləri arasında əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verir.
Musa Quliyev vurğulayıb ki, Əziz Səncərin elmi fəaliyyəti və həyat yolu gənc nəsil üçün örnəkdir. Onun elmə bağlılığı, uzun illər ərzində apardığı fundamental tədqiqatlar və Nobel mükafatına aparan uğur yolu Azərbaycan və Türkiyə gəncləri, eləcə də bütün Türk dünyasının gənc alimləri üçün ilham mənbəyidir.
“İnanırıq ki, bu gün keçirilən konfrans və Əziz Səncərin elmi irsinə həsr olunmuş nəşrlər onunla, irsi və əsərləri ilə bağlı əlaqələrimizin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcək. Bu cür tədbirlər alimlər arasında fikir və təcrübə mübadiləsinin genişlənməsinə, Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığın yeni istiqamətlərinin formalaşmasına xidmət edir”, – deyə Milli Məclisin komitə sədri bildirib.