Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 Yanvar faciəsinin qurbanları yad edilib
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik tarixindəki mühüm rolundan söz açıb, bu qanlı terror aktına hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladıb.
Qanlı Yanvar gecəsi sovet ordusu tərəfindən amansızlıqla qətlə yetirilən şəhidlərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını deyən Alla Bayramova qeyd edib ki, hadisələrdən ötən 26 il ərzində Azərbaycan müstəqil bir dövlət kimi böyük inkişaf yolu keçib.
Muzeyin şöbə müdiri Xanım Abdinova çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız sakinlərin qətlə yetirilməsindən, Azərbaycanın milli müstəqilliyi və azadlığı uğrunda həlak olanların qəhrəmanlığından bəhs edib.
Sonra Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən “İstedad” mərkəzinin musiqiçilərinin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş konsert proqramı təqdim olunub.