Musiqi mədəniyyətimizə göstərilən diqqət və qayğıdan bəhs edən kitablar təqdim edilib
Bakı, 15 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Heydər Əliyev və musiqi mədəniyyəti” və “İlham Əliyev və musiqi mədəniyyəti” kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabın tərtibçi müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı çıxış edərək təqdim olunan kitabların dövlətimizin başçısının musiqi mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan bəhs etdiyini bildirib.
“Azərbaycan mədəniyyəti qədim və zəngindir. Biz bu mədəniyyəti yaşatmalı, təbliğ etməliyik”, - deyə o diqqətə çatdırıb.
Bildirib ki, “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabı Ulu Öndərin anadan olmasının 100 illiyinə musiqi ictimaiyyətinin töhfəsidir.
Bəstəkar, professor, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov və Azərbaycan Televiziyasının əməkdaşı Dilşad Tahirqızı çıxışlarında
belə kitabların çapının təqdirəlayiq addım olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu kitabların nəşri mədəni irsimizin daha da zənginləşməsinə töhfə verəcək.