Musiqi məktəbində “Şuşa İli” çərçivəsində növbəti tədbir








Bakı, 28 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbində “Şuşa İli” çərçivəsində “Musiqi beşiyimiz-Şuşa” adlı tədbir təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında “Bayatı-Şiraz” muğamının sədaları altında Şuşanın gözəl təbiəti, tarixi mənzərələri, daha sonra isə ulu öndər Heydər Əliyevin “Şuşa Azərbaycanın gözüdür” və Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan” tarixi çıxışları nümayiş etdirilib.
Məktəbin direktoru Bəhriyyə Allahverdiyeva çıxış edərək, Şuşanın musiqi mədəniyyəti tarixindən, görkəmli ifaçıları və bəstəkarlıq məktəbi nümayəndələrindən bəhs edib və videoçarx təqdim olunub.
Sonra tədbir konsert proqramı ilə davam edib. Proqramda Şuşa musiqiçiləri, görkəmli xanəndə Xan Şuşinski, bəstəkarlardan Ü.Hacıbəyli, Niyazi, Ə.Abbasov, S.Ələsgərov, V.Adıgözəlovun əsərləri yer alıb. Həmçinin məktəbin kiçik xor kollektivi (müəllim Müjgan Dövlətbəyli) Şuşaya həsr olunmuş mahnılarla çıxış ediblər.