Musiqi və incəsənət məktəblərinin müəllimləri intellektual oyunda biliklərini nümayiş etdiriblər
Şəki, 3 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərindən ibarət komandalar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Şəki şəhəri üzrə gənclər və idman sektoru və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 6 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən oyunun əvvəlində Regional Mədəniyyət İdarəsinin rəisi Emil Bədəlov çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulayıb.
İntellektual oyunda ümumi dünyagörüşü, mədəniyyət, idman və tarix mövzularında suallar səsləndirilib.
Yekun nəticələrə əsasən, Şəki komandası intellektual oyunun qalibi adını qazanıb. Zaqatala və Oğuz rayonlarının komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
İntellektual oyunun qalibləri kubok və medallarla mükafatlandırılıblar.
Oyun çərçivəsində mədəniyyət işçiləri və müəllimlərin ifasında musiqi nömrələri də səsləndirilib.