“Müstəqil Dövlətlər Birliyi ölkələrinin rəsmi statistikası” adlı kompakt disk buraxılıb
Minsk, 2 oktyabr, AZƏRTAC
MDB Statistika Komitəsi “Müstəqil Dövlətlər Birliyi ölkələrinin rəsmi statistikası” məlumat bazasının sayca 20-ci nəşrini kompakt disk şəklində buraxıb.
AZƏRTAC Birliyin Statistika Komitəsinə istinadla xəbər verir ki, “Müstəqil Dövlətlər Birliyi ölkələrinin rəsmi statistikası” adlı kompakt diskə (CD-ROM) rus və ingilis dillərində yazılmış statistik informasiyadan ibarət məlumat bazası və müvafiq proqram təminatı yazılıb.
1980-ci ildən sonrakı dövrü əhatə edən bu kompakt diskdə Birlik iştirakçısı olan dövlətlərdə 3500-dən çox sosial-iqtisadi göstəriciyə aid illik məlumatlar (dinamik sıralar) əhali, makroiqtisadiyyat, maliyyə, qiymətlər, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, ticarət və xidmətlər, xarici ticarət, milli valyutaların məzənnələri, əmək bazarı, elm, təhsil, səhiyyə, mədəniyyət, cinayətkarlıq, ətraf mühit bölmələri üzrə sistemləşdirilib.
“Statpro” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən işlənib hazırlanmış proqram təminatı istifadəçilərin sorğuları əsasında cədvəllər tərtib etmək (göstəricilər, ölkələr və zaman dövrləri üzrə), MDB ölkələrinin iqtisadi inkişaf meyllərini təhlil etmək üçün müvafiq göstəriciləri hesablamağa, müxtəlif qrafiklər, cədvəllər tərtib və çap etməyə, habelə məlumatları müxtəlif formatlarda (WK1, DBF, TXT, HTML, XLS) ixrac etməyə imkan verir.
CD-ROM-da Birlik ölkələri haqqında sorğu-təqdimat altsistemi və metodoloji izahatlar da var.
Zeynal Ağazadə
AZƏRTAC—ın xüsusi müxbiri
Minsk