Müstəqillik tariximizdə 20 Yanvarın özünəməxsus yeri vardır
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Bakı Slavyan Universitetinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Universitetin müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev bildirmişdir ki, müstəqillik tariximizdə 20 Yanvarın özünəməxsus yeri vardır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə amansızlıqla divan tutulması, günahsız insanların uşaqların və qadınların qətlə yetirilməsi totalitar rejimin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirmişdir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Azərbaycan Milli QHT Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qeyd etmişdir ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. O müdhiş gecə faciə kimi yox, eyni zamanda Azərbaycan xalqının mübarizlik, qəhrəmanlıq günü kimi tarixə düşmüşdür.
Digər çıxış edənlər də 20 Yanvar hadisələrini öz azadlığı, müstəqilliyi, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın tarixində şanlı səhifə kimi səciyyələndirmişlər.