Mütəxəssis: EG.5 ştamı dünyaya surətlə yayılmaqda davam edir
Bakı, 29 avqust, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVID-19 virusunun yeni ştamı (EG.5) “nəzarətdə saxlanılan variantlar” siyahısından çıxarılaraq “diqqət tələb edən” variantlar siyahısına daxil edilib. Bu dəyişiklik “Eris” olaraq adlandırılan EG.5 ştamının rastgəlmə tezliyinin dünya miqyasında gün keçdikcə artması nəticəsində olub. Hazırda virus dünyaya surətlə yayılmaqda davam edir.
Bunu AZƏRTAC-a 2 saylı Ağciyər Xəstəlikləri Dispanserinin ağciyər üzrə mütəxəssisi həkim-ftiziatr Afət Novruzova deyib. O qeyd edib ki, Eris “omikron” ştamından törədiyi düşünülən COVID-19 virusunun mutasiyaya uğramış son variantıdır. Eris ilk dəfə bu ilin fevral ayında İngiltərədə aşkarlanıb. Hazırda isə 50-dən çox ölkədə yayılıb. Çin, ABŞ, İngiltərə kimi dövlətlərdə yoluxma faizi olduqca yuxarıdır. Buna baxmayaraq qeyd olunan ştam hazırda ABŞ-da dominant ştam olaraq elan edilib. Aşkarlanmış xəstələrin 17 faizi Amerika, 15 faizi isə İngiltərənin payına düşür.
Həkim-ftiziatr xəstəliyin əlamətlərini açıqlayıb: “Virus omikron ştamının alt variantı olması səbəbindən hər iki xəstəliyin əlamətləri oxşardır. Boğaz ağrısı, bəlğəmli və ya quru öskürək, baş ağrısı, burun axması, səsdə qalınlaşma, əzələ və oynaq ağrıları, normadan çox halsızlıq, bəzi hallarda isə ishal xəstəliyin simptomlarına daxildir. Eris ölümcül virus olmasa da, daha sürətlə yayılması və yoluxuculuğunun digər ştamlara nisbətən artıq olması səbəbindən ÜST-ni ciddi narahat edir. Hazırdakı vəziyyətlə bağlı təşkilat bütün dünya dövlətlərini erkən və ciddi tədbirlər görməyə çağırır. ÜST COVID-19-un 3 “diqqət tələb edən” və 7 “nəzarətdə saxlanılan variantlar” siyahısına daxil olan viruslarını araşdırır. Erisin “diqqət tələb edən” variantlar siyahısına daxil olması gözlənilən haldır. Çünki yay mövsümündə xarici ölkələrə səfərlərin artması, müxtəlif ölkələrdən olan şəxslərin hava limanı, nəqliyyat, kütləvi əyləncə məkanları kimi qapalı yerlərdə bir araya gəlməsi yoluxmaların artmasına təkan verə, yeni ştamların yayılmasına səbəb ola bilər”.
A.Novruzova xəstəlikdən qorunmağın yollarından da danışıb: “Xüsusilə, immun sistemi zəif insanlar sağlamlıqlarına daha ciddi yanaşmalıdır. Həmin şəxslər xəstəliyi daha ağır keçirə bilər. Bu səbəbdən vaxtında tədbirlər görmək daha məsləhətlidir. Sözügedən xəstəlikdən qorunmaq üçün ilkin olaraq COVID-19-un buster dozası vurulmalıdır. Daha sonra şəxsi gigiyena qaydalarına əməl etmək, təmas olunan yerlərin tez-tez dezinfeksiyası olunması məsləhət görülür. İmmun sistemini yüksəltmək üçün sağlam qidalanmaq, təmiz havada gəzmək, idmanla məşğul olmaq lazımdır. Əhalinin sıx olduğu yerlər, qapalı məkanlardan ehtiyac olmadığı təqdirdə uzaq durulmalı, məcburiyyət varsa, tibbi maskadan istifadə edilməlidir”.