Muxtar respublikada aqrar sahədə işlər davam etdirilir
Naxçıvan, 9 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin iyun ayında da fəaliyyətini nazirliyin illik iş planının və Dövlət proqramlarının icrası istiqamətində həyata keçirib.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iyun ayında taxıl biçininin başlaması ilə əlaqədar nazirlikdə yaradılmış operativ qərargah vasitəsilə biçinin gedişinə nəzarət edilir. Nazirlik əməkdaşları tərəfindən muxtar respublikada taxıl biçininin qısa müddətdə başa çatdırılması, biçin zamanı baş verə biləcək fəsadların tez bir vaxtda aradan qaldırılması barədə sahibkarlara və ailə təsərrüfatı üzvlərinə maarifləndirici məsləhətlər verilib.
Ötən ay meyvə və üzüm bağlarında, bostan-tərəvəz sahələrində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması istiqamətində maarifləndirmə tədbirləri davam etdirilib.
Ümumilikdə, muxtar respublika üzrə 475 hektar yonca sahəsində fitanomus zərərvericisinə, 966 hektar taxıl, həmçinin cavan meyvə bağlarında siçan və siçanabənzər gəmiricilərə, 66 hektar kartof sahəsində Kolorado kartof böcəyinə, 7 min 321 hektar taxıl və 191 hektar tərəvəz sahəsində alaq otlarına, 136 hektar bostan və tərəvəz sahələrində, eləcə də 27 hektar sahəni əhatə edən bəzək bitkilərinin zərərverici və xəstəliklərinə qarşı kimyəvi mübarizə tədbirlərinin əhəmiyyəti təsərrüfat sahiblərinə bildirilib. Həmçinin Babək rayonundan 6, Culfa rayonundan 2 təsərrüfat sahibinin müraciəti əsasında üzümlüklərində və meyvə bağlarında həyata keçirilən kompleks tədbirlərlə bağlı köməkliklər göstərilib, Babək və Şərur rayonlarından nazirliyə müraciət edən 12 təsərrüfat sahibinə tərəvəz əkinlərində mütərəqqi üsulların tətbiqinə dair lazımi tövsiyələr verilib.
“Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşları tərəfindən torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı başçıları tərəfindən gətirilən torpaq nümunələri analiz olunub, nəticələrə uyğun gübrə normaları hesablanaraq yazılı məlumatlar verilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən gətirilmiş 2 çeşiddə 6 halda kompeze və azot gübrələri analiz olunaraq nəticələri haqqında məlumatlar aidiyyəti üzrə göndərilib.
Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin mütəxəssisləri muxtar respublikanın müxtəlif ərazilərində müşahidələr aparıb, xəstəlik və zərərvericilərlə sirayətlənmiş sahələr müəyyən edilib. Heyvandarlıqda mal-qaranın inkişaf etdirilməsi, onlara zoobaytar qaydalara uyğun qulluq edilməsi və cins tərkibinin yaxşılaşdırılması istiqamətində maarifləndirmə tədbirləri davam etdirilib, arı ailələrinin mərhələli şəkildə köçürülməsi və xəstəliklərinə qarşı profilaktik tədbirlərin aparılması məqsədilə arıçılarla görüşlər keçirilib.