MUXTAR RESPUBLİKADA MƏHSULDAR TAXIL TOXUMU SORTLARININ TƏDARÜKÜ DAVAM ETDİRİLİR
Naxçıvan, 3 avqust (AZƏRTAC). Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov akademik Həsən Əliyev adına «Araz» Elm-İstehsalat Birliyinin xırmanına gəlmiş, taxıl toxumunun tədarükü ilə maraqlanmışdır.
Muxtar respublika Baş nazirinin müavini-kənd təsərrüfatı naziri Məmməd Abbasov toxum tədarükünün gedişi barədə məlumat vermişdir.
Sonra xırmanda tədarük olunmuş toxum sortlarına baxış keçirilmişdir. Məlumat verilmişdir ki, ixtisaslaşdırılmış toxumçuluq təsərrüfatlarının yaradılması bu sahənin təşkilində və inkişafında mühüm rol oynayır. İki ildir ki, muxtar respublika Kənd Təsərrüfatı Nazirliyi Toxumçuluq Müfəttişliyinin və «Araz» Elm-İstehsalat Birliyinin toxumçuluq təsərrüfatları fəaliyyət göstərir. Cari mövsümdə bu təsərrüfatlarda 200 tona yaxın yüksək kondisiyalı toxum tədarük olunmuşdur. Onlardan akademik Cəlal Əliyevin yetişdirdiyi «Qiymətli», «Ruzi», «Dağ-daş», «Qılçıqsız», Rusiyadan gətirilmiş «Moskviç» buğda sortları xəstəliyə, şaxtaya və quraqlığa daha davamlıdır. Bu sortların məhsuldarlığı hər hektardan 70-80 sentner təşkil edir. Bölgənin ayrı-ayrı rayonlarında bir sıra torpaq mülkiyyətçiləri bu toxumları əkdikləri sahələrdən yüksək məhsuldarlığa nail olmuşlar.
Baxış zamanı Ali Məclisin sədrinə taxılçılıqda tətbiq edilən kimyəvi preparatlar barədə də məlumat verilmişdir.
Bildirilmişdir ki, zəmilərdən toplanmış taxılın tədarükü üçün xırmanda lazımi şərait yaradılmışdır. Burada taxılın təmizlənməsi üçün müasir texnikadan istifadə olunur. Qısa müddətdə 102 ton yüksək keyfiyyətli toxum tədarük edilərək anbara yığılmışdır.
Ali Məclisin sədri payızlıq taxıl əkininə hazırlıqla bağlı muxtar respublikanın iqlim və torpaq xüsusiyyətlərinə uyğun, sınaqdan çıxmış toxum sortlarının tədarük olunmasını diqqət mərkəzində saxlamaq barədə tapşırıq vermişdir.
######
![]() |
![]() |

