Muxtar respublikada taxıl biçini davam etdirilir
Naxçıvan, 24 iyun, AZƏRTAC
“Kənd təsərrüfatı ili”ndə muxtar respublikada aqrar sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsi xeyli genişləndirilib, bol məhsul istehsalı üçün zəmin yaradılıb. Yeni suvarma şəbəkələrinin qurulması kənd təsərrüfatı bitkilərinin, xüsusilə də əsas ərzaq məhsulu olan taxıl əkini sahələrinin artırılmasına səbəb olub, bu ilin məhsulu üçün 36 min hektardan artıq sahədə taxıl əkilib. Əkin zamanı keyfiyyətli və məhsuldar toxum sortlarından istifadə edilib, sahələrdə vaxtlı-vaxtında suvarma və aqrotexniki qulluq işləri görülüb. Hazırda muxtar respublikada taxıl biçini həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət” Toxumçuluq Təsərrüfatının Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıbdır.
Məlumat verilib ki, Böyükdüz kəndi ərazisində yeni suvarma sistemlərinin qurulması və ərazidə meliorativ tədbirlərin görülməsi hesabına uzun müddət əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılıb. Bu ilin məhsulu üçün 410 hektar sahədə şırım üsulu ilə yerli iqlim şəraitinə uyğun məhsuldar “Quality” toxum sortu əkilib. Hazırda biçin işlərinin vaxtında və itkisiz aparılmasına xüsusi diqqət yetirilir. Bunun üçün əvvəlcədən müvafiq tədbirlər görülüb, texnikalar hazır vəziyyətə gətirilib. Biçinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 7 kombaynı cəlb olunub, mexanizator və kombaynçılar üçün lazımi şərait yaradılıbdır. Bu günə qədər 50 hektarda biçin işləri başa çatdırılıb. Məhsuldarlıq orta hesabla 24 sentnerdir.
Taxıl biçini ilə tanışlıqdan sonra Ali Məclisin Sədri mexanizator və kombaynçılarla görüşüb.
Ali Məclisin Sədri deyib ki, bu gün muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Torpaq mülkiyyətçilərinin texnika və su təminatı ilbəil yaxşılaşdırılır, əl əməyi yüngülləşdirilir. Muxtar respublikada əsas ərzaq məhsulu olan taxılın istehsalına xüsusi diqqət yetirilir. Hər il taxıl əkini sahələri genişləndirilir, məhsuldarlığın artırılması istiqamətində ardıcıl tədbirlər görülür, müasir kombaynlar alınır. Bu da bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir. Kombaynçılar və mexanizatorlar yaradılan bu şəraitdən səmərəli istifadə etməli, məhsuldar işləməli, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, taxıl biçini vaxtında başa çatdırılmalıdır.
Ali Məclisin Sədri biçin kampaniyasını uğurla apardıqlarına görə kombaynçılara və mexanizatorlara təşəkkür edib.
X X X
Ali Məclis Sədrinin tapşırığına əsasən “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bazasındakı ehtiyat kombaynlardan 2-si Şərur, 1-i isə Babək rayonuna verilib.
Kəngərli rayonunun Böyükdüz kəndində
yeraltı suvarma şəbəkəsi qurulur
Muxtar respublikada torpaq sahələrinin su təminatının yaxşılaşdırılması və rentabelli suvarma şəbəkələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Hazırda Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində vaxtilə mövcud olmuş yeraltı suvarma şəbəkəsi bərpa olunur.
İyunun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeraltı suvarma şəbəkəsinə baxıb.
Bildirilib ki, yeraltı suvarma şəbəkəsi 400 hektar ərazini əhatə edir. Hazırda 231 hektarda bərpa işləri başa çatdırılıb. Ərazidə uzunluğu 2875 metr olan əsas boru xətti çəkilib, 455 hidrant qoyulub, sugötürücü və nəqledici boru xətləri yenilənibdir. Həmçinin qapalı drenaj xətləri bərpa olunub, 3 min metr açıq və 1500 metr qapalı kollektor sistemi qurulub. Bu da şoranlaşmaya və su itkisinə yol vermədən vegetasiya müddətində ərazinin lazım olan miqdarda və tələb olunan keyfiyyətdə suvarılmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri yeraltı suvarma şəbəkəsinin əhatə etdiyi ərazilərdə taxıl və qüvvəli yem bitkiləri əkininin aparılması, o cümlədən yaxınlıqdakı 2300 hektar sahədə yeni yeraltı suvarma şəbəkəsinin qurulması layihəsinin hazırlanması barədə tapşırıqlar verib.