“Müxtəlif olsaq da, birlikdə güclüyük” layihəsi çərçivəsində videokonfrans keçirilib
Bakı, 8 iyul, AZƏRTAC
Yəhudilərin xoşbəxtliyidir ki, Azərbaycanda ən çətin sınaqlara baxmayaraq, özlərinə ev tapdılar, övladlarını dünyaya gətirdilər, karyera qurdular, burada xoşbəxt yaşayırlar və yaşayacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, aktyor, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü, Avropa Yəhudiləri Bakı Dini İcmasının sədri Aleksandr Şarosvki “Müxtəlif olsaq da, birlikdə güclüyük” layihəsi çərçivəsində keçirilən videokonfransda deyib.
Videokonfrans Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilib.
“Mənim yolum” Uşaq Mərkəzinin rəhbəri və Nyu-York şəhərinin dağ yəhudi icmasının nümayəndəsi Alyona Bədəlovanın moderatorluğu ilə keçirilən tədbirdə Avropa Yəhudiləri Bakı dini icmasının sədri Aleksandr Şarovski, icmanın baş ravvini Sneor Seqal, Diasporla İş üzrə Dövlət Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Aleksandr Şarovski ulu öndər Heydər Əliyevin fikirlərini xatırladaraq sözə başlayıb və qeyd edib ki, Heydər Əliyev hər zaman deyirdi ki, bura sizin evinizdir, burada həmişə sülh, əmin-amanlıq şəraitində yaşayacaqsınız, sizin sakit və uğurlu həyatınız üçün bütün imkanlar olacaq. Bu böyük iş bu gün də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Avropa Yəhudiləri Bakı dini icmasının baş ravvini Sneor Seqal bildirib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda yəhudilərin həyatı çiçəkləndi və inkişaf etdi. Yəhudilər Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq modelini hər zaman hiss edirlər.
Videokonfransın moderatoru Alyona Bədəlova Azərbaycanda antisemitizm və ksenofobiyanın olmadığını, xalqımızın tarixboyu multikultural dəyərlərə sahib olduğunu, burada dini dünyagörüşündən asılı olmayaraq hər kəsin müstəqil fəaliyyət göstərdiyini və rahat yaşadığını söyləyib. O deyib: “Biz Azərbaycanda yəhudi ənənələrini qoruyub saxlaya və öz övladlarımıza ötürə bilmişik”.
“Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsi Azərbaycandakı multikulturalizm və tolerantlıq dəyərlərini dünyada təbliğ etmək, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrdə mövqelərinin möhkəmlənməsinə töhfə vermək, ölkəmizdəki diaspor təşkilatları, icmalar, dini qurumlarla əlaqələri və tərəfdaşlığı genişləndirmək məqsədi daşıyır.