Muzey Mərkəzində Xalq Rəssamı Mayis Ağabəyovun yubiley sərgisi açılmışdır
Bakı, 17 may (AZƏRTAC). Mayın 17-də Muzey Mərkəzində Xalq Rəssamı Mayis Ağabəyovun 70 illiyinə həsr olunmuş fərdi yubiley sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, tanınmış rəssam və kino xadimlərinin iştirak etdikləri mərasimi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq, Azərbaycan təsviri sənətinin inkişafında müstəsna xidmətləri olan Mayis Ağabəyovun həyat və yaradıcılığı haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycan kino sənətinin inkişafında əvəzsiz xidmətləri olan rəssamın yaradıcılığından bəhs edən monoqrafiya bu ilin sonunadək hazırlanıb çap olunacaqdır.
Bildirilmişdir ki, sərgidə 129 əsəri, 6 heykəltəraşlıq işi nümayiş etdirilən Mayis Ağabəyov 1941-ci il mayın 1-də Bakıda anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. 1972-ci ildə Rəssamlar İttifaqına üzv seçilmişdir.
Əsərləri dəfələrlə respublika və xarici ölkələrin sərgi salonlarında nümayiş etdirilmişdir. M.Ağabəyov əsasən kino və geyim rəssamlığı sahəsində tanınmış, dəzgah rəngkarlığı, qrafika sahəsində də orijinal əsərlər yaratmışdır. “Nizami”, “Nəsimi”, “Babək” və s. kimi 20-dən çox Azərbaycan filminin quruluşçu rəssamı olmuşdur.
M.Ağabəyov 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlamış, 2000-ci ildən Dövlət Rəssamlıq Akademiyasında gənc rəssamlara sənətin sirlərini öyrətmiş, 2006-cı ildən 2010-cu ilin oktyabr ayınadək akademiyanın akademik rəngkarlıq kafedrasına rəhbərlik etmişdir.
Onun bədii yaradıcılıq fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmiş və 2000-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə “Xalq Rəssamı” fəxri adına layiq görülmüşdür. 2004-cü ildən Prezident təqaüdçüsüdür.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Salhab Məmmədov, Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı, akademik Ömər Eldarov, kinorejissor, professor Eldar Quliyev, yazıçı, Əməkdar Jurnalist Aqşin Babayev və başqaları M.Ağabəyovun təkrarsız yaradıcılığından, insani keyfiyyətlərindən və pedaqoji fəaliyyətindən danışmışlar.
Sənət dostları görkəmli rəssama cansağlığı və yeni yaradıcılıq uğurları arzulamışlar.
M.Ağabəyov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Sərgi mayın 23-dək davam edəcəkdir.