MUZEYDƏ “MOLLA NƏSRƏDDİN-100” SƏRGİSİ TƏŞKİL EDİLİB
Muzeyin direktoru Sübhi Kəngərli AZƏRTAC-ın müxbirinə demişdir ki, sərgidə ümummilli liderimiz Heydər Əliyevin Cəlil Məmmədquluzadənin həyat və fəaliyyəti, yaradıcılığı haqqında fikirləri, akademik İsa Həbibbəyli və Əziz Şərifin jurnal barədə tədqiqatları xüsusi yer tutur.
1906-cı il aprelin 7-də “Qeyrət” mətbəəsində işıq üzü görən “Molla Nəsrəddin” jurnalının birinci nömrəsinin üz qabığı, məcmuənin 1906-1907, 1908-1909, 1911-1917 və 1926-cı illərə aid orijinal nüsxələri sərgini daha da zənginləşdirir.
F.Hüseynovun “Molla Nəsrəddin və mollanəsrəddinçilər”, Ə.Şərifin “Molla Nəsrəddin necə yarandı?”, Q.Məmmədlinin “Molla Nəsrəddin jurnalının nəşr tarixi”, Cəlil Məmmədquluzadənin müxtəlif illərdə çap olunmuş əsərləri, qəzet və jurnal materialları da sərginin eksponatları sırasındadır. Jurnalın yayıldığı ərazinin xəritəsi tamaşaçılara “Molla Nəsrəddin”in necə geniş oxucu auditoriyasına malik olmasından xəbər verir.
Yubileylə əlaqədar muzeydə Oqtay Sadıqzadənin çəkdiyi “Cəlil Məmmədquluzadənin portreti” və digər əsərlərdən ibarət səyyar sərgi də hazırlanmışdır.
Jurnalın 100 illiyi ilə bağlı müxtəlif elmi-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.