Myanmada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 166-ya çatıb
Pekin, 3 iyul, AZƏRTAC
Myanmanın Kaçin ştatında nefrit hasilatı rayonunda iyulun 2-də baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 166 nəfərə çatıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə ərazidə axtarış-xilasetmə işlərinə məsul olan ölkənin yanğın xidməti departamenti məlumat yayıb.
Bildirilir ki, səhər tezdən axtarış işləri bərpa olunub və daha 4 cəsəd tapılıb. Hadisə nəticəsində xəsarət alan 54 nəfər xəstəxanalara yerləşdiriliblər. Yağışlı hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirib. Hadisə baş verən əraziyə gedən yollar yağış nəticəsində keçilməz hala düşüb, bu səbəbdən axtarış-xilasetmə işlərinə texnika cəlb olunması çətinləşib.
Ştat hökuməti nefrit hasilatı bölgəsindəki mədənlərin fəaliyyətini palçıq axını ehtimalı ilə əlaqədar 3 ay müddətinə dayandırıb.
Qeyd edək ki, iyulun 2-də səhər saatlarında Kaçin ştatının Hpakant ərazisindəki nefrit hasilatı sahəsində dağ süxuru musson yağışları nəticəsində sürüşərək 300 metr hündürlüyü olan qayadan insanların üzərinə tökülüb və nəticədə palçıq gölü yaranıb. İlkin ehtimala əsasən, həmin vaxt sahədə təxminən 200 adam olubmuş. Nefrit mədənləri ilə zəngin olan Kaçin ştatında, xüsusən də Hpakant bölgəsində ölümlə nəticələnən sürüşmələr tez-tez baş verir. Bölgədə 2015-ci ildə baş verən sürüşmə nəticəsində 116 nəfər ölmüş və təxminən 100 nəfər isə itkin düşmüşdü. Ötən il baş verən 7 sürüşmə nəticəsində, ümumilikdə 137 nəfər ölüb.
Yerli əhalinin əsas məşğuliyyəti çoxu qeyri-qanuni olan və heç bir təhlükəsizlik qaydaları əməl olunmayan həmin mədənlərdə şaxtaçılıq etməkdir. Bundan başqa, ölkənin digər bölgələrindən də yoxsul adamlar Kaçin ştatındakı qeyri-qanuni mədənlərdə ucuz işçi qüvvəsi kimi istifadə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbir
Pekin