NAFTALAN NEFTİNDƏN ALINAN YENİ DƏRMAN PREPARATLARI TEZLİKLƏ BAZARLARI FƏTH EDƏCƏK
“Naftalan Farm Qrupp” elmi tədqiqat kimyəvi əczaçılıq şirkəti baş direktorunun birinci müavini Əziz Həsənov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, hazırda şirkət Rusiyanın elmi tədqiqat institutları – Bərpa Təbabəti və Kurortologiya İnstitutu, Elmi Tədqiqat Revmatologiya İnstitutu, Elmi Tədqiqat Nevrologiya İnstitutu ilə birlikdə Naftalan neftinin komponentlərindən dünyada əvəzi olmayan nadir müalicə preparatları hazırlayır. Onun sözlərinə görə, müəssisə artıq Naftalan neftini saflaşdırılmış, qatrandan təmizlənmiş spirtini və yağlarını istehsal edir. Suppozitori, müalicəvi Naftalan plastırları, məlhəmlər və gellər kimi dərman preparatları, habelə “Ulduzlu xətt” adlı 36 adda müalicəvi kosmetik vasitə patentləşdirilmişdir. Bu preparatlar müxtəlif xəstəliklərin – sonsuzluğun, prostat vəzi, pullu dəmrov, babasil, dermotoz etiologiyaları və dayaq-hərəkət xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulmuşdur.
Ə.Həsənov demişdir: “Preparatların istehsalı üzrə layihəni Rusiyanın suppozitari, məlhəm və gellər, müalicəvi plastır və kosmetik vasitə istehsalı ilə bilavasitə məşğul olan Alt-Farma, Moskva əczaçılıq fabriki, Verofarm kimi tanınmış şirkətləri ilə həyata keçiririk. Hazırda Rusiya Bərpa Təbabəti və Kurortologiya Elmi Tədqiqat İnstitutunda, Rusiya əczaçılıq bazarında brendi olan Verofarm zavodu ilə birlikdə Naftalan plastırları son dəfə sınaqdan keçirilir”.
Qeyd etmək lazımdır ki, “Naftalan Farm Qrupp” şirkəti Naftalan neftini emal edən ən böyük şirkətdir. Zavod gündə 5 ton xammal emal edir. Naftalan spirti adlanan və ətriyyat-kosmetika sənayesində geniş tətbiq edilən yüngül fraksiyaların alınması müəssisənin sonuncu nailiyyətidir.