Naftalanda sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə “HACCP - Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” mövzusunda növbəti təşkil edib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Naftalan şəhərindəki “Yeni Çinar Hotel Company” MMC-nin əməkdaşları üçün keçirilən təlimdə iştirakçılara qida obyektlərində HACCP prinsipləri üzrə müvafiq qrupun yaradılması və tərkibinin müəyyənləşdirilməsi, eyni zamanda emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin həyata keçirilməsi metodları barədə məlumat verilib, onlara təyin edilmiş kritik nəzarət nöqtələrinin hər biri üçün kritik limitlərin və aparılan bütün təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyənləşdirilməsi izah olunub.
Həmçinin sahibkarlıq subyektinin əməkdaşları məhsulun identifikasiyasının və aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin olunması, eləcə də kritik nəzarət nöqtələri üçün monitorinq və düzəldici fəaliyyətlərin tətbiq edilməsi haqqında məlumatlandırılıb.
İnteraktiv formada təşkil olunan təlimin sonunda iştirakçıların müvafiq sahə üzrə bilik səviyyəsi qiymətləndirilib və sertifikatlar təqdim edilib.