Nailə Vəlixanlı: Birinci Türkoloji Qurultayın ideyaları yüz il sonra da aktuallığını qoruyur VİDEO
Bakı, 2 iyul, AZƏRTAC
Birinci Türkoloji Qurultay yüz il əvvəl keçirilsə də, onun tarixi əhəmiyyəti bu gün də öz aktuallığını qoruyur. Qurultayın əhəmiyyəti yalnız tariximizin müəyyən bir mərhələsi ilə məhdudlaşmır, o, həm də bugünkü nəsillər üçün mühüm mənəvi mesajlar daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisinin açılışında deyib.
Onun sözlərinə görə, Qurultayda əlifba islahatı, ortaq əlifba, ortaq dil, dil birliyi, mədəniyyət, arxeoloji və etnoqrafik tədqiqatlar kimi Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən məsələlər geniş müzakirə olunub.
“Həmin dövrdə qəbul edilən qərarlar türk xalqlarının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənədlər idi. Türk dünyasının ortaq dəyərlərini qorumaq, tarixi yaddaşı yaşatmaq və xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirmək istiqamətində bu gün də ardıcıl fəaliyyət davam etdirilir. Qurultayın əsas müzakirə mövzularından biri də əlifba islahatı və ortaq türk əlifbasının formalaşdırılması idi”, – deyə direktor qeyd edib.
Nailə Vəlixanlı sərginin hazırlanması prosesindən də bəhs edərək bildirib ki, ekspozisiya yalnız 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın tarixini əks etdirmir.
“Ekspozisiyanı Azərbaycanda XIX əsrin sonu – XX əsrin əvvəllərini əhatə edən maarifçilik və islahatçılıq hərəkatından başladıq. Burada görkəmli maarifçilərimizin Türk dünyası, milli birlik və ortaq gələcəklə bağlı ideyaları ziyarətçilərə təqdim olunur.
Hələ Qurultay keçirilməzdən əvvəl Azərbaycanda latın qrafikalı türk əlifbası ilə müxtəlif qəzet və jurnallar, eləcə də digər nəşrlər çap edilirdi. Sonrakı illərdə latın qrafikalı əlifbaya keçid daha da genişlənsə də, 1930-cu illərin repressiyaları bu prosesi yarımçıq qoydu və 1940-cı illərdən etibarən kiril əlifbasına keçid baş verdi. Bu gün isə yenidən ortaq türk əlifbasının və ortaq ünsiyyət məkanının formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan uzun illərdir latın qrafikalı əlifbadan istifadə edir və bu sahədə zəngin təcrübəyə malikdir”, - deyə Nailə Vəlixanlı vurğulayıb.
Direktor qeyd edib ki, bununla yanaşı, bizi birləşdirən yalnız əlifba və dil deyil. Türk dünyasının birliyi daha dərin mənəvi təməllərə söykənir. Bu ideya qədim türk yazılı abidələrində – “Bilgə Xaqan” və “Kültigin” kitabələrində də öz əksini tapıb. Həmin abidələrin əsas mesajı ondan ibarətdir ki, türk xalqı yalnız birlik və həmrəylik şəraitində güclü olur.