Napoleon Bonapartın avtoqrafları Moskvada hərraca çıxarılacaq
Bakı, 17 yanvar, AZƏRTAC
Tarixi sənədlərin üzərində qalmış Napoleon Bonapartın avtoqrafları hərraca çıxarılacaq. AZƏRTAC bu barədə “Litfond” hərrac evinin mətbuat xidmətinə istinadla xəbər verir.
Mətbuat xidmətinin məlumatında deyilir: “Fransız imperatoru Napoleon Bonapartın yanvarın 25-də satışa çıxarılacaq avtoqrafları diqqəti cəlb edir. Əvvəla, Napoleon müharibələrinin tarixində çox nadir sənəd olan və 1813-cü il aprelin 2-də Yelisey sarayında yazılmış italyanların orduya səfərbərliyi ilə bağlı italyan dilindəki fərmanın başlanğıc qiyməti hərracda 280 min rubl (3190 dollar) olacaq”.
Hərracda, həmçinin daha bir orijinal sənəd - fransız gəmisinin kapitanına İngiltərədən və əks istiqamətdə mal gətirməsi və göndərməsinə icazə verən Napoleonun şəxsən yazdığı və imzaladığı lisenziya da eyni qiymətə satışa çıxarılacaq.