NAR ŞİRƏSİ XƏRÇƏNG ŞİŞİNİN QARŞISINI ALIR
Tədqiqata cərrahiyyə əməliyyatı aparılmış, yaxud şüa müalicəsi almış xəstələr cəlb edilmişlər. Alan Pantukun rəhbərlik etdiyi alimlər iştirakçılarda spesifik antigen prostatının (SAP) səviyyəsini müəyyənləşdirmişlər. SAP prostat şişinin markeridir və çox vaxt onun ölçüsünə görə şişin qayıtması, yayılması və metastazların sayı haqqında məlumat əldə edilir.
Prostat xərçəngi olan xəstələrdə SAP-ın ikiqat böyüməsi 15 ay ərzində müşahidə edilir. Lakin gündə 1 stəkan nar şirəsi içənlərdə bu göstərici yalnız 54 aydan sonra özünü büruzə verir.
Nar şirəsi iltihab əleyhinə çoxsaylı faydalı komponentlər - izoflavon və antioksidantlarla zəngindir. Alimlər şirənin komponentlərindən hansının bədxassəli şişlə mübarizə apardığını bilmir, lakin güman edirlər ki, müsbət təsir konkret maddə ilə deyil, onların kombinasiyası ilə bağlıdır.
Alimlərin fikrincə, tədqiqatın nəticələri ümidvericidir, lakin bu üsulu xəstələrə məsləhət görmək hələ tezdir. Hazırda əldə olunmuş məlumatı təsdiqləmək üçün daha genişmiqyaslı tədqiqat aparılır.