Narkomaniyanın insanların həyat və sağlamlığına vurduğu fəsadlar barədə məlumat verilib
Bakı, 24 iyun, AZƏRTAC
Narkotiklərlə mübarizə günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 194 nömrəli tam orta məktəbdə maarifləndirmə xarakterli tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.