NASA “Bennu” asteroidinin nümunələrini nümayiş etdirib
Bakı, 13 oktyabr, AZƏRTAC
ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Texas ştatındakı xüsusi laboratoriyada öz missiyası tərəfindən 17 gün əvvəl Yerə gətirilən “Bennu” asteroidindən nümunələri nümayiş etdirib.
AZƏRTAC NASA-nın rəsmi saytına istinadla xəbər verir ki, missiyada iştirak edən Böyük Britaniya alimi Eşli Kinq “Bennu” asteroidindən süxur nümunələri ilə bağlı ilk təəssüratını bölüşüb: “NASA inanılmaz dərəcədə böyük uğura imza atıb. Biz doğru asteroidə getdiyimizi təsdiqlədik”. Təbiət Tarixi Muzeyinin (NHM) eksperti və "Quick Look" komandasındakı digər beş nəfərin üçgünlük təhlili qara, yerdənkənar tozun karbon, su və zəngin minerallarla dolu olduğunu göstərib.
NASA-nın rəhbəri Bill Nelson xüsusi laboratoriyanın yerləşdiyi Conson Kosmik Mərkəzində brifinq zamanı bildirib: “Bu, əla əlamətdir. “Bennu”ya bənzər karbon (üzvi) və su ilə zəngin asteroidlərin təxminən 4,5 milyard il əvvəl gənc Yer sisteminə əsas komponentlərin çatdırılmasında iştirak etdiyinə dair bir nəzəriyyə var. Potensial olaraq, okeanlardakı suyu və həyatı başlatmaq üçün lazım olan bəzi birləşmələri necə əldə etdiyimiz də geniş tədqiqat mövzusudur. Asteroidin nümunələri bu fərziyyələri yoxlamaq üçün istifadə olunacaq. Kim olduğumuzu, haradan gəldiyimizi öyrənməyə çalışırıq. Bilmək istəyirik ki, Kainat adlanan bu genişlikdə bizim yerimiz nədən ibarətdir".
NASA sentyabrın 24-də Yuta çöllüyünə enən “Osiris-Rex” kosmik gəmisinin kapsulundakı qutunu açıb, lakin asteroid fraqmentlərini saxlamaq üçün istifadə edilən daxili kamera hələ tam olaraq boşaldılmayıb və onun çəkisi ölçülməyib. Missiya komandası onun cəmi 250 qram olduğunu düşünür. Bu təxminləri təsdiqləmək üçün qutunun daha bir neçə gün diqqətlə təmizlənməsi lazım olacaq. İçəridəki süxur tozu skan edən elektron mikroskopun altına qoyulub, sonra infraqırmızı spektroskopiya rentgen şüalarının difraksiyası və kimyəvi elementlərin analizi vasitəsilə araşdırılıb. X-ray kompüter tomoqrafiyası (CT) hissəciklərin 3D modellərini hazırlamaq və onların içərisinə baxmaq üçün istifadə edilib. Əsas kəşflərdən biri də süxurun tərkibində onun çəkisinin 5 faizi miqdarında karbonun olmasıdır. Bu tapıntı astrofizikləri heyrətə gətirib. NASA-nın Goddard Kosmik Uçuş Mərkəzinin alimlərindən ibarət komanda burada həm karbonatlar, həm də daha mürəkkəb üzvi maddələr aşkar edib.
Astrofizik Dante Lauretta nümunələrin gil minerallarında saxlanılan suyun tərkibinə yaxın olduğunu bildirib. Aydın olub ki, kristal strukturunun içərisində də su əlamətləri var.
“Osiris-Rex” kosmik gəmisi “Bennu” asteroidindən materialları gətirmək üçün 2020-ci ilin oktyabrında ona yaxınlaşıb. Bu əməliyyat Yerdən 330 milyon kilometr məsafədə həyata keçirilib. Daha sonra NASA-nın zondu Yerə qayıdıb. NASA bu nümunənin ən azı 70 faizini gələcək nəsillər üçün saxlayacaq və hesab edir ki, onlar hələ də ixtirasını gözləyən cihazlardan istifadə edərək, bu gün mövcud olmayan laboratoriyalarda işləyəcək, həmçinin süxurları daha mükəmməl tədqiq edəcəklər.