NAXÇIVAN MR MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA SEMİNAR–MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Naxçıvan Muxtar Respublikası icra strukturlarının, hüquq mühafizə orqanlarının, dairə və məntəqə seçki komissiyaları sədrlərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi seminar-müşavirədə bildirilmişdir ki, tədbirdən əsas məqsəd Azərbaycan Prezidentinin seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncamından irəli gələn vəzifələri parlament seçkilərinin keçirilməsinə cəlb olunan məsul şəxslərə bir daha izah etməkdən və bununla da parlament seçkilərinin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsinə nail olmaqdan ibarətdir.
Hazırda muxtar respublikada seçicilərin 95 faizi seçici vəsiqəsilə təmin edilmiş, 275 seçki məntəqəsinin hamısı rabitə xətti ilə təchiz olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Tahir Süleymanov Azərbaycanda demokratik seçkilər keçirilməsi üçün hər cür şərait yaradıldığını vurğulamışdır.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Kristofer Şilds təmsil etdiyi təşkilatın müxtəlif ölkələrdə keçirilən seçkilərin təkmilləşdirilməsinə yardım göstərdiyini diqqətə çatdırmış, bu tədbirin təşkilinə köməyinə görə Naxçıvan Muxtar Respublikasının hakimiyyət orqanlarına təşəkkürünü bildirmişdir.
Azərbaycan Respublilkası Mərkəzi Seçki Komissiyasının, Daxili İşlər və Ədliyyə nazirliklərinin nümayəndələri tədbir iştirakçılarının suallarına cavab vermişlər.